Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı faktları ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlanmışdır
Ağsu, 31 mart (AZƏRTAC). Ağsuda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı kütləvi tədbirlər keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, martın 31-də müxtəlif nəsillərin nümayəndələrinin iştirakı ilə keçirilən ümumrayon yığıncağında ermənilər tərəfindən zaman-zaman xalqımıza qarşı törədilmiş qətliamlardan bəhs olunmuşdur. İlk növbədə diqqət 1813-cü və 1828-ci illərdə bağlanmış “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra ümumilikdə 130 min nəfərədək erməninin İran Və Türkiyədən köçürülərək İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırıldığına, azərbaycanlıların öz dədə-baba torpaqlarından sıxışdırılaraq çıxarıldığına cəlb olunmuşdur.
Bildirilmişdir ki, 1918-ci ilin mart-aprel aylarında həyata keçirilən növbəti soyqırımı zamanı Ağsu ərazisinin də daxil olduğu Şamaxı qəzasında erməni daşnakları qəza mərkəzini və 86 kəndi dağıtmış, insanları kütləvi surətdə qətlə yetirmiş, diri-diri yandırmışlar. Vaxtilə təkcə 53 kənddə aparılan araşdırmaların nəticələrinə görə, 8027 nəfər azərbaycanlı vəhşicəsinə öldürülmüşdür ki, onların da 2560-ı qadınlar, 1277-si uşaqlar olmuşdur.
Yığıncaqda müasir dövrdə, ötən əsrin axırlarında Dağlıq Qarabağda törədilən daha bir dəhşətli soyqırımından da ürək ağrısı ilə söhbət açılmışdır. Qeyd olunmuşdur ki, ermənilər öz havadarlarının köməyi ilə burada on minlərlə azərbaycanlını öldürmüş, torpaqlarımızın 20 faizini işğal etmişlər. 1992-ci ildə törədilmiş Xocalı soyqırımı tarixə etnik təmizləmə siyasətinin ən dəhşətli, ən qanlı səhifələrindən biri kimi yazılmışdır.
Toplantıda vaxtilə ümummilli liderimiz Heydər Əliyevin, bu gün isə Prezident İlham Əliyevin erməni daşnaklarının məkrli niyyətlərinin qarşısının alınması, xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti barədə də ətraflı danışılmışdır. Artıq Xocalı faciəsinin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınmaqda olduğu razılıq hissi ilə vurğulanmışdır.
Sonda yığıncaq iştirakçıları adından beynəlxalq təşkilatlara müraciət qəbul olunmuşdur.