Azərbaycan XİN rusiyalı müğənninin adını arzuolunmaz şəxslər siyahısından çıxarıb
Bakı, 2 iyun, AZƏRTAC
Rusiya Federasiyasının vətəndaşı, müğənni, “Чай вдвоём” qrupunun keçmiş üzvü və “A-Dessa” layihəsinin yaradıcısı Stanislav Mixayloviç Kostyuşkin Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktubunda S.Kostyuşkin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə, suverenliyinə, qanunlarına hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini bildirib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmədiyini vurğulayıb.
Səfərlə bağlı təəssüfünü ifadə edərək S.Kostyuşkin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib. O, işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini deyib. S.Kostyuşkin, həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.
S.Kostyuşkinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.