AZƏRBAYCANA QUŞ QRİPİNİN QARŞISINI ALMAQ ÜÇÜN TİBB AVADANLIĞI GƏTİRİLMİŞDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, profilaktik tədbirlər hərtərəfli müzakirə edilmişdir. Kənd təsərrüfatı, səhiyyə, ekologiya və təbii sərvətlər nazirliklərinin köçəri quşların qışlama yerlərində birgə keçirdikləri 7 monitorinq zamanı ölkəmizdə quş qripi halları aşkar edilməmişdir. Səhiyyə Nazirliyində dezinfeksiya aparatlarının, bu xəstəliyin müalicəsində daha səmərəli vasitə olan “Tamiflu” dərmanının (50 qutu) ehtiyatı yaradılmışdır.
Dövlət Baytarlıq Xidmətinin mütəxəssisləri profilaktik tədbirlər görmək məqsədi ilə hazırda Naxçıvandadırlar. Muxtar respublikaya qoruyucu kostyumlar göndərilmiş, Türkiyə və İrandan quş əti məhsulları gətirilməsinə qadağa qoyulmuşdur.
Mətbuat xidmətindən onu da bildirmişlər ki, hazırda virusologiya laboratoriyalarının imkanlarını gücləndirmək üçün beynəlxalq təşkilatlarla, habelə ABŞ-ın Müdafiə Nazirliyi ilə danışıqlar aparılır və yaxın günlərdə zəruri diaqnostika zərdablarının gətirilməsi gözlənilir.
Nazirlikdə keçirilən müşavirədə bildirilmişdir ki, sərhəd-buraxılış məntəqələrində sanitar-karantin xidmətinin gücləndirilməsi, respublikamızın ərazisinə gələn avtomaşınların dezinfeksiya edilməsi, sərnişinlərin tibbi müayinədən keçirilməsi əsas profilaktik işlərdir. Müşavirədə respublikanın ərazisinə gətirilən və ticarət obyektlərində satılan quş əti məhsullarına sanitar nəzarətini gücləndirmək barədə göstəriş verilmiş və quş ətindən dönər hazırlanmasına qadağa qoyulmuşdur.