AZƏRBAYCANDA ATATÜRK MƏRKƏZİNDƏ TÜRKİYƏ UNİVERSİTETLƏRİNİN SƏRGİSİ AÇILMIŞDIR
Milli Məclisin deputatı, AzAtaM-ın müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov sərginin gənclərimiz üçün çox böyük əhəmiyyətini qeyd etmiş, qardaş Türkiyənin dünyanın ən gözəl təhsil verən və böyük intellektual potensiala malik olduğunu ölkələrindən biri vurğulamışdır. Türkiyə universitetləri rektorlarının ali məktəblərimizlə, ümumiyyətlə, təhsil sistemimizlə tanış olacaqları bildirilmişdir.
Təhsil naziri Misir Mərdanov respublikamızda Türkiyə universitetlərinin birinci sərgisinin cari ilin martında keçirildiyini diqqətə çatdırmış, bu tədbirin ölkələrimizin təhsil əlaqələrinə təsirindən danışmışdır. Bildirilmişdir ki, bu sərgilərdən məqsəd Azərbaycanla Türkiyənin təhsil sistemləri arasında əlaqələr qurmaq, onu genişləndirmək və möhkəmləndirməkdir. Natiq ümummilli liderimiz Heydər Əliyevin qardaş Türkiyə ilə, bütün sahələrdə olduğu kimi, təhsil sahəsindəki əlaqələrə də böyük önəm verdiyini söyləmiş və qeyd etmişdir ki, hazırda minlərlə azərbaycanlı Türkiyədə oxuduğu kimi, minlərlə türkiyəli gənc də bizim ali məktəblərdə təhsil alır. M.Mərdanov qonaqları ali təhsil ocaqları ilə yanaşı, orta məktəblərimizlə də tanış olmağa dəvət etmişdir.
Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı səmimi qəbul üçün təşəkkürünü bildirmiş, ölkələrimiz arasındakı əlaqələri yüksək qiymətləndirmiş, sərgiyə uğurlar arzulamışdır.
Rəmzi qırmızı lent kəsildikdən sonra, tədbir iştirakçıları hər bir universitetə aid stendlə tanış olmuş, onları maraqlandıran suallara təhsil ocaqlarının nümayəndələrindən ətraflı cavab almışlar.
Sərgi dekabrın 18-dək davam edəcəkdir.