“AZƏRBAYCANDA BİZNES MÜHİTİ: BAZAR İQTİSADİYYATINA NƏ QƏDƏR YAXINLAŞDIQ” HESABATININ TƏQDİMATI OLMUŞDUR
Bankın siyasi tədqiqatlar və bölmə strategiyası üzrə direktoru Samuel Fankhauzer və Azərbaycan üzrə baş iqtisadçı Anita Tasi bildirmişlər ki, ümumilikdə, hesabatın əhatə etdiyi 27 ölkənin iqtisadiyyatında inkişaf müşahidə olunmuş, biznes mühitində irəliləyişlər qeydə alınmışdır.
Hesabatda göstərilmişdir ki, ötən il Azərbaycanda makroiqtisadi vəziyyət sabit olmuş, xarici ticarətin və valyuta bazarının liberallaşdırılmasında, eləcə də Dünya Ticarət Təşkilatına qəbul prosesində irəliləyişlər əldə edilmişdir.
Ümumi daxili məhsulun (ÜDM) artım sürəti baxımından rekord göstərici Azərbaycana məxsusdur. Belə ki, 2005-ci ildə ÜDM-in artım səviyyəsi əvvəlki ildəkindən iki dəfə çox - 20 faizdən yuxarı olmuş, sənaye istehsalında artım 20 faiz təşkil etmişdir. İnflyasiyanın səviyyəsi təxminən 10 faiz olmuşdur ki, bu da sürətlə inkişaf edən ölkələr üçün xarakterik haldır.
Hesabatda Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkə olduğu qeyd edilmiş, iri enerji layihələri - Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri barədə məlumat verilmişdir.
2005-ci ildə respublikamızda struktur islahatları və özəlləşdirmə prosesi davam etdirilmiş, korrupsiyaya qarşı mübarizə haqqında qanun qüvvəyə minmiş, banklar haqqındakı yeni qanun bu sahənin inkişafına təkan vermişdir. Özəl bölməyə verilən kreditlərin məbləği çoxalmış, onun ÜDM-dəki çəkisi artmışdır.
Dövlət və özəl qurumların, beynəlxalq təşkilatların, səfirlik nümayəndələrinin iştirak etdiyi tədbirdə iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov hesabata münasibətini bildirmiş, ölkəmizin beynəlxalq maliyyə təsisatları, o cümlədən AYİB-lə əməkdaşlığın genişlənməsində maraqlı olduğunu demişdir. O, həlli vacib məsələlərə toxunmuş, ölkə rəhbərliyinin qeyri-neft bölməsinin inkişafını prioritet hesab etdiyini diqqətə çaprdırmışdır.