Azərbaycanda ceyran və bəbir populyasiyasının bərpasında mühüm nəticələr əldə olunub
Bakı, 10 sentyabr, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “Yaşıl zəka: İqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” mövzusunda elmi konfransda
“Azərbaycanın təbiəti və fauna müxtəlifliyi: müasir ekoloji şəraitdə mühafizə və davamlı inkişaf” mövzusunda çıxışı zamanı Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov deyib. O bildirib ki, Qafqaz ekoregionu təxminən 580 min kvadratkilometr ərazini əhatə edir və Rusiya, İran və Cənubi Qafqaz ölkələrinin ərazilərinin bir hissəsini özündə birləşdirir. İqlim dəyişmələrinin təsiri ilə bu regionda meşələrin sərhədlərinin və növ tərkibinin dəyişməsi proqnozlaşdırılır.
“İqlim dəyişmələri təkcə istiləşmə ilə məhdudlaşmır, həm də bəzi parazitlərin və xəstəliklərin yayılması ilə müşayiət olunur. Son 20-30 ildə apardığımız müşahidələr meşələrdə ciddi dəyişikliklərin baş verdiyini göstərir. Məsələn, Astaradakı Hirkan meşələrində şümşadların kütləvi qurumasını müşahidə etmişik. Bu il isə Böyük və Kiçik Qafqazda vələs ağaclarının kütləvi quruması qeydə alınıb. Kəlbəcərdə də son 30 ildə arid zonalara xas bəzi növlərin yayılması müşahidə olunur. Bu növlər ərazidə gedən aridləşmə prosesinin indikatorları kimi qiymətləndirilə bilər. Su ehtiyatlarının azalması da vəhşi heyvanların yaşayışına təsir göstərir. Naxçıvanda quruyan bulaqların bərpası, su hövzələrinin yaradılması və fotokameraların quraşdırılması nəticəsində dağ keçiləri və bəbirlər də daxil olmaqla müxtəlif növlərin su mənbələrindən istifadə etdiyi müşahidə olunub. Acınohurda isə susuz qalan ceyranlar üçün 18 kilometr məsafədən su çəkilib”, - deyə Elşad Əsgərov qeyd edib.
Fondun Azərbaycan nümayəndəliyinin rəhbəri xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsinin biomüxtəlifliyin qorunmasında mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, Azərbaycanda belə ərazilərin ümumi sahəsi müstəqillik dövründə təxminən 400 min hektardan genişləndirilərək 800 min hektarı ötüb. Hirkan Milli Parkının ərazisi də illər ərzində genişləndirilib. Əvvəllər 2906 hektar olan ərazi sonradan 18 min hektara çatdırılıb, hazırda isə 40 min hektarı ötüb.
Müxbir- Nərmin Muradzadə