Azərbaycanda dindarlara dinlə bağlı fəaliyyətlərini davam etdirməsi üçün hər bir şərait yaradılıb
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycanda din dövlətdən ayrıdır, buna baxmayaraq, dinlə məşğul olan adamlar dövlətə daim ehtiramını bildirib, ona sadiq olublar. Son illər ərzində Azərbaycan dövləti dindarlara dinlə bağlı fəaliyyətlərini davam etdirməsi üçün hər bir şəraiti yaradıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri ADA Universitetində Media və Kommunikasiya üzrə proqram direktoru Şəfəq Mehrəliyeva "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən "İslamofobiya və mediada nifrət çağırışları” adlı aralıq sessiyada çıxışı zaman deyib.
Onun sözlərinə görə, 2011-2015-ci illərdə hansısa təcavüzü müsəlman törətsəydi bu Qərb mediasında beş dəfə daha çox qabardılırdı. Nəticədə cəmiyyətdə müsəlmanlara qarşı gərginliklər yaranırdı. Bu sahədə ekspertlər ciddi iş görməli, təhlillər aparmalıdırlar. "Qurani-Kərim"in yandırılması, Məhəmməd peyğəmbərin karikaturalarının çəkilməsinə fikir azadlığı demək olmaz. İfadə azadlığı qorunarkən digər insanların haqları alçaldıla bilməz. Təhqiramiz hərəkətlər mütləq cəzalandırılmalıdır.
Şəfəq Mehrəliyeva, həmçinin müsəlman jurnalistlərin daha çox maariflənmələrinin və tədqiqatlar həyata keçirmələrinin vacibliyini qeyd edib.