Azərbaycanda dini qurumlara dövlət dəstəyi tolerantlıq ənənələrinin möhkəmlənməsinə xidmət edir
Bakı, 25 oktyabr, AZƏRTAC
Oktyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov Müqəddəs Məryəmin Mövludu kilsəsini ziyarət edib, dini ocağın fəaliyyəti ilə tanış olub.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, tanışlıqdan sonra kilsədə fəaliyyət göstərən din xadimləri ilə söhbət edən Ramin Məmmədov bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dini konfessiyalara dövlət dəstəyi siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirilir. Komitə sədri, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun tarixi və dini abidələrin bərpasına xüsusi diqqət yetirdiyini vurğulayıb.
R.Məmmədov qeyd edib ki, ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dini qurumlara dövlət dəstəyinin göstərilməsi tolerantlıq ənənələrinin daha da möhkəmlənməsinə xidmət edir.
Bakı Yeparxiya İdarəsinin katibi, protoiyerey Dionisiy Sveçnikov və kilsənin baş keşişi Aleksandr Novikov 2019-2021-ci illərdə Prezident İlham Əliyevin Sərəncamı ilə kilsədə aparılan genişmiqyaslı bərpa işlərini təqdirəlayiq addım kimi dəyərləndirərək, Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən məmnunluqlarını bildirib, kilsənin həmişə dövlətin diqqəti və qayğısı ilə əhatə olunduğunu qeyd ediblər.