Azərbaycanın Aktaudakı baş konsulu beynəlxalq forumda ölkəmizdə bu sahənin inkişafı təcrübəsindən danışıb
AZƏRTAC total.kz saytına istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov forumda ölkəmizdə turizmin inkişafı təcrübəsindən danışıb.
R.Məmmədov qeyd edib ki, ötən əsrin 90-cı illərində Azərbaycanda praktiki olaraq xəzinə boş idi, dövlət isə zəifləmişdi. Turizm diqqətdən kənarda qalmışdı. Lakin 2002-ci ildə başa düşəndə ki, turizm sadəcə çimərliklər və çətirlər demək deyil, həm də iqtisadiyyatın böyük gəlir gətirən və çoxlu iş yerləri təmin edən sektorudur, bu sahəyə ciddi diqqət yönəldildi. Bundan əlavə, Azərbaycanda iqtisadiyyatın praktiki olaraq bütün sahələri turizmə xidmət edir. Respublikamızın ərazisi o qədər də böyük deyil, lakin bir neçə ildə burada Avropa standartlarına cavab verən yollar salınıb, bütün ölkə elektrikləşdirilib, su xətləri çəkilib, hər 300 kilometrdən bir isə aeroportlar tikilib.
R.Məmmədov deyib: “Allah səxavətini bizdən əsirgəməyib. On bir iqlim qurşağından doqquzu Azərbaycandadır. Cənub bölgəsində kivi yetişir, halbuki şimalda 20 dərəcə şaxta olur və turistlər dağ xizəyi kurortlarında istirahət edirlər. Biz bu kurortlardan eyni zamanda ikisini yaratmışıq. Müalicə turizmini inkişaf etdirməyə başlamışıq, fəaliyyəti dayanan bütün istirahət ocaqları və sanatoriyalar bərpa olunub. Biz, həmçinin ekoturizmi, ovçuluq və mətbəx turizmini inkişaf etdiririk.
Baş konsulun sözlərinə görə, 2000-ci ildə Azərbaycanda dünya səviyyəsində yalnız bir otel vardı. Hazırda burada bütün dünya mehmanxanalarının brendləri təqdim olunur.
R.Məmmədov bildirib ki, turizmin uğurlu inkişafı üçün əsas şərt digər ölkələrin təcrübəsindən faydalanmaqdır. Məsələn, vaxtilə Azərbaycana Türkiyədən turizm üzrə mütəxəssislər cəlb olunurdu, çünki bu ölkədə turizm barəsində hər şeyi bilirlər.
Materialın tam mətni ilə http://total.kz/business/economics/2014/09/07/serik_ospanov_oboznachil_osnovnye_problemy linkində tanış olmaq mümkündür.