AZƏRBAYCANIN ALMANİYADAKI SƏFİRİ HAMBURQ FEDERAL ƏYALƏTİNDƏ SƏFƏRDƏ OLMUŞDUR
Hamburq federal əyalətinin mədəniyyət məsələləri üzrə senatoru xanım Velk ilə görüşdə Azərbaycanla Hamburq federal əyaləti arasında mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin qurulması, Azərbaycan mədəniyyətinin Hamburqda təmsil olunması və təbliği imkanları barədə fikir mübadiləsi aparılmışdır.
“Spiegel” jurnalının redaksiyasında keçirilən görüşdə indiyədək jurnalın səhifələrində Azərbaycanda baş verən ictimai-siyasi, demokratik proseslər barədə dərc olunmuş yazılara münasibət bildirilmiş, bu haqda Azərbaycan rəhbərliyinin mövqeyi açıqlanmışdır.
Səfir bundan sonra Mərkəzi və Şərqi Avropa Ölkələri üzrə İqtisadi Əlaqələr Birliyinin Hamburq şəhər bələdiyyəsinin binasında təşkil etdiyi forumda Almaniyanın müxtəlif regionlarından gəlmiş 20 şirkətin təmsilçiləri ilə görüşmüşdür. Forumda çıxış edən Azərbaycan səfiri respublikamızda iqtisadi durum, eləcə də siyasi və iqtisadi islahatların gedişi, habelə xarici sərmayədarlara yaradılan əlverişli şərait barədə geniş məlumat vermişdir. Dörd saata qədər davam edən işgüzar forumun sonunda Azərbaycanla iqtisadi əlaqələr yaratmaq istəyən almaniyalı iş adamlarını maraqlandıran suallar cavablandırılmışdır.
Üç yüz illik tarixə malik Hamburq Sənaye və Ticarət Palatasının rəhbəri professor Şmidt Krents ilə görüşdə Hamburqun işgüzar, iqtisadi və sənaye dairələri ilə Azərbaycanın iş adamları arasında gələcək əməkdaşlıq əlaqələrinin təməlinin qoyulması və inkişaf perspektivləri müzakirə edilmişdir. İlkin razılaşmaya əsasən, 2006-cı ilin aprel ayında Hamburqun Sənaye və Ticarət Palatasında Azərbaycan iqtisadiyyatına dair informasiya forumunun keçirilməsi qərara alınmışdir.
Təhsil və idman məsələləri üzrə senator xanım A.Dinqes ilə görüşdə Azərbaycan və Hamburq federal əyalətinin təhsil qurumları arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin yaradılması məsələsi ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan səfiri, həmçinin Hamburqda təhsil alan tələbələrimiz və elmi tədqiqat işləri ilə məşğul olan soydaşlarımızla görüşüb söhbət etmiş,onların qayğıları ilə maraqlanmış, Azərbaycanda gedən ictimai-siyasi proseslər barədə onları məlumatlandırmış, gənclərimizə Azərbaycanı, onun milli dövlətçiliyini, xalqını, mədəniyyətini, Azərbaycan həqiqətlərini Almaniyada təbliğ edə biləcək qurumda təşkilatlanmağı tövsiyə etmişdir.