Azərbaycanın Dostları Assosiasiyasının Konyak şəhərində sessiyası keçirilib
Bakı, 3 oktyabr, AZƏRTAC
Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının icra şurası ölkənin Konyak şəhərinə ikigünlük səfər edib və ilk dəfə olaraq təşkilatın Parisdən kənarda sessiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Konyak şəhərinin meri, Assosiasiyanın idarə heyətinin üzvü Mişel Qurənşas Azərbaycanla münasibətlərdən, intensiv inkişaf edən qardaşlıq əlaqələrindən danışıb, Tovuz və Konyak şəhərləri arasında 2014-cü ildə imzalanmış qardaşlaşma sazişi çərçivəsində həyata keçirilən layihələr haqqında məlumat verib.
Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın sabiq deputatı Jan-Fransua Mansel Assosiasiyanın əsas devizinin hər iki xalqın daha da yaxınlaşmasına xidmət etdiyini, onun yenidən bərpasından qısa müddət keçməsinə baxmayaraq, bu istiqamətdə müxtəlif uğurlu layihələrin həyata keçirildiyini vurğulayıb. Jan-Fransua Mansel Azərbaycanı Fransada tanıtmaq istiqamətində də intensiv səylər göstərildiyini qeyd edib. O, Assosiasiyanın ölkəmizin zəngin tarixini, mədəniyyətini fransız xalqına yaxından tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə bu ölkənin bir çox bölgələrində və müxtəlif şəhərlərində həyata keçirilən layihələri dəstəklədiyini diqqətə çatdırıb.
Sonra gündəlikdəki mövzular, 2018-ci ildə nəzərdə tutulmuş tədbirlər planı müzakirə edilib. İdarə heyətinin üzvləri Şərqdə ilk demokratik respublikanın yaradılması, Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi, ölüm hökmünün ləğv edilməsinin 20 illiyi və bir sıra əlamətdar hadisələrdən söz açıb, 2018-ci ilin Azərbaycan üçün əlamətdar olacağını bildiriblər.
Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva 2017-ci ilin 6 aylıq tədbirlər planının hesabatını təqdim edərək qarşıdakı layihələr barədə icra şurasının üzvlərinə məlumat verib.
Assosiasiyanın təsisçisi və fəxri sədri, Fransanın Azərbaycandakı ilk səfiri Jan Perən Azərbaycanın Dostları Assosiasiyasının ölkəmizlə bağlı həqiqətlərin Fransada daha geniş təbliğ edilməsi üçün göstərdiyi səylərini yüksək qiymətləndirib və bu səylərin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Toplantıda Azərbaycanın Dostları Assosiasiyasının icra şurasının yeni tərkibi və sədr müavini seçilib. UNESCO-nun mədəni diplomatiya üzrə xoşməramlı səfiri Edva Ser açıq səsvermə yolu ilə yekdilliklə Azərbaycanın Dostları Assosiasiyası sədrinin müavini vəzifəsinə seçilib. İlin sonunda bu tərkib və Assosiasiyanın 2018-ci il üçün fəaliyyət planı Baş Assambleyaya təqdim ediləcək.
İclasdan sonra icra şurasının üzvləri “Tovuz Nar Evi”nin açılışında iştirak ediblər. Bundan başqa, Azərbaycanın Dostları Assosiasiyasının nümayəndə heyəti Azərbaycan şairi Məhsəti Gəncəvinin Konyak Oranjerisində yerləşən heykəlini ziyarət ediblər.