SİYASƏT
Azərbaycanın Filippindəki fəxri konsuluna diplomatik xidmət orqanlarımızın yubiley medalı təqdim olunub
Manila, 16 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Filippin Respublikasında fəxri konsulu III Xose De Venesiaya iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, yubiley medalı ilə təltif olunmasından şərəf duyduğunu bildirən fəxri konsul Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə minnətdarlığını bildirib və Prezident İlham Əliyevin ölkəmizdə apardığı uğurlu sosial-iqtisadi islahatları maraqla izlədiyini qeyd edib.
Bununla yanaşı, Azərbaycanın İndoneziyadakı səfirliyi tərəfindən ölkəmizin Filippindəki fəxri konsulluğu ilə birgə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə paytaxtın “Manila Polo Klubu” kompleksində ziyafət təşkil edilib.
Tədbirdə çıxış edən Azərbaycanın İndoneziyadakı səfirliyinin ikinci katibi Emil Əhmədov qonaqlara Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, onun beynəlxalq aləmdə tanıdılması istiqamətində diplomatlarımızın Paris Sülh Konfransındakı fəaliyyəti və Azərbaycanın diplomatik xidmət orqanlarının təsis edilməsi haqqında danışıb.
Azərbaycanlı diplomat tədbir iştirakçılarına Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasət və onun nəticələri barədə də məlumat verib. Qeyd edib ki, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Etnik təmizləməyə məruz qalmış bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayan diplomatımız Ermənistanın BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələrin icrasına məhəl qoymadığını da qeyd edib. Bildirib ki, məhz Ermənistan rəhbərliyinin tutduğu destruktiv mövqe münaqişənin dinc yolla həllinin uzanmasına səbəb olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Manila