AZƏRBAYCANIN GÖRKƏMLİ QADIN DÖVLƏT XADİMLƏRİNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
AQMK-nın həmsədri, Milli Məclisin deputatı Məlahət Həsənova bildirmişdir ki, bu gün hər hansı bir ölkənin qadınlarının keçdiyi tarixi yol təkcə onların öz ölkəsində və tarixində deyil, bütövlükdə, dünya qadınlarının keçdiyi tarixi yol fonunda öyrənilir. Ona görə də qadın hərəkatının inkişaf yolu bütün ölkələrə şaxələnmiş bir cərəyan kimi qəbul edilir. Bu məqsədlə konfederasiya Azərbaycanın qadın dövlət xadimlərinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsini planlaşdırmış, bu problemin müasir dünyanın tələblərinə uyğun olaraq öyrənilməsinə, dünya qadın hərəkatı kontekstində təhlil edilməsinə başlamışdır.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Yaqub Mahmudov “Azərbaycanın görkəmli qadın dövlət xadimləri Azərbaycan tarixində canlı səlnamədir” adlı məruzəsində Azərbaycan tarixinin ayrı-ayrı dövrlərində yaşamış və fəaliyyət göstərmiş görkəmli qadın dövlət xadimlərinin xidmətlərindən danışmış, onların ictimai-siyasi irsinin yenidən araşdırılmasının, öyrənilməsinin və təbliğ edilməsinin vacibliyini vurğulamışdır.
Professor Rəna Mirzəzadə “Azərbaycanın görkəmli qadın dövlət xadimlərinin ictimai-siyasi irsi qadın hərəkatı müstəvisində” mövzusunda məruzə etmişdir.
Yığıncaqda mövzu ilə bağlı çıxışlar edilmiş, təkliflər verilmişdir.
Sonda Azərbaycanın görkəmli qadın dövlət xadimlərinin siyahısının müəyyənləşdirilməsi və ictimai-siyasi irsinin yenidən araşdırılması məqsədilə işçi qrupu yaradılmışdır.