“AZƏRBAYCANIN KARİKATURAÇI RƏSSAMLARI” KİTAB-ALBOMUNUN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Karikaturaçılar cəmiyyətinin sədri və kitab-albomun müəllifi Bayram Hacızadə bildirmişdir ki, xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 125 və “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyləri münasibətilə çap olunmuş topluda Azərbaycanın 40-a yaxın karikaturaçı rəssamının əsərləri yer almışdır. Kitab-albom ölkəmizdə karikatura sənətinin inkişafı barədə müəyyən təsəvvür yaradır. Buraya ölkəmizdə karikatura janrının banisi Əzim Əzimzadənin və onun bütün nəsillərdən davamçıları olan rəssamların əsərləri daxil edilmişdir. Bildirilmişdir ki, Əzim Əzimzadənin bir karikaturaçı kimi yetişməsində “Molla Nəsrəddin”in nə qədər rolu olmuşdursa, sonrakı mərhələlərdə yeni nəsil karikaturaçıların yaranmasında “Kirpi”nin rolu o qədərdir. Bu gün Azərbaycan karikaturaçıları vətənə artıq beynəlxalq müsabiqələrin mükafatçısı kimi dönürlər.
Əməkdar rəssam Arif Hüseynov, “Kirpi” jurnalının baş redaktoru Polad Qasımov və başqaları ölkəmizdə karikatura sənətinin inkişaf tarixindən, karikatura cəmiyyətinin fəaliyyətindən danışmışlar.
Sərgi dekabrın 20-dək davam edəcəkdir.