Azərbaycanın milli bayramı – Respublika Günü Misir mətbuatında geniş işıqlandırılıb
Qahirə, 30 may, AZƏRTAC
Misir mətbuatında ölkəmizin milli bayramı - Respublika Günü ilə bağlı bir sıra məqalələr dərc edilib.
Yazılarda Azərbaycanın müstəqillik tarixindən və ölkəmizin bu illər ərzində qazandıgı uğurlardan ətraflı bəhs edilir.
“Shbabalnil”, “Elwatannews”, “Asiaelyoum” və digər nəşrlərin internet səhifəsində 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə təşəkkül tapan Azərbaycan Xalq Cümhuriyyətinin Şərqin ilk demokratik respublikası olduğu qeyd edilir. Məqalələrdə SSRİ-nin dağılmasından sonra Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşduğu və ölkəmizin son illər ərzində sürətlə inkişaf etdiyi vurğulanır. Həmçinin ölkəmizin ən əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də oxuculara məlumat verilir.
Məqalələrdə 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın çox çətin dövrlər yaşadığı vurğulanır. Vurğulanır ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlib. Ulu Öndərin həyata keçirdiyi uğurlu siyasət nəticəsində qısa müddət ərzində ölkədə bütün sahələr inkişaf etdirilib və böyük uğurlar qazanılıb. Yazılarda bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanır.
Dərc olunmuş yazılarda, həmçinin ölkəmizdə gedən siyasi, iqtisadi, mədəni və digər sahələrdəki sürətli inkişafdan və əldə olunmuş nailiyyətlərdən geniş söhbət açılır.
Asya Hacizadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə