Azərbaycanın Misirdəki səfirliyində 20 Yanvar şəhidlərinin xatirəsinin anma mərasimi keçirilmişdir
Qahirə, 20 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyində anma mərasimi keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Misirin kütləvi informasiya vasitələrinin nümayəndələri, Azərbaycan-Misir Dostluq Cəmiyyətinin üzvləri, ictimaiyyətin nümayəndələri, Qahirə və Ayn-Şəms universitetlərinin tələbələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak etmişlər.
Mərasimi açan səfir Şahin Abdullayev Azərbaycan xalqının sovet rejiminə qarşı milli azadlıq mübarizəsi və Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları haqqında məlumat vermişdir. Diplomat 1990-cı ilin 20 yanvar gecəsi kommunist rejimini xilas etmək və Azərbaycan xalqının mübarizə əzmini boğmaq üçün Bakıya yeridilən sovet ordu birləşmələrinin mülki əhaliyə qarşı ağır texnika və odlu silahlardan istifadə edərək 147 nəfəri amansızlıqla qətlə yetirdiyini, 800-dən çox insanı yaraladığını diqqətə çatdırmışdır. Səfir Azərbaycanın əvəzsiz töhfələr verdiyi sovet ordusunun xalqımızın dinc etiraz nümayişinə divan tutduğunu xüsusi vurğulamışdır.
SSRİ-nin dağılmasından sonra Azərbaycanın azadlığı və bu yolda üzləşdiyi çətinliklərdən, xüsusilə Ermənistanın ölkəmizə qarşı təcavüzündən danışan səfir respublikamızın 22 illik müstəqillik dövrü ərzində əldə etdiyi nailiyyətlər və Prezident İlham Əliyevin rəhbərliyi altında bugünkü dinamik inkişaf haqqında məlumat vermişdir.
Sonra Ş.Abdullayev iştirakçıların suallarını cavablandırmışdır.
Tədbirdə “20 Yanvar faciəsinə aparan yol” filmi və Bakıda törədilmiş qırğının nəticələri haqqında videoçarx nümayiş etdirilmiş, faciənin dəhşətləri ilə bağlı fotostend hazırlanmışdır. Bununla yanaşı, iştirakçılara faciə barədə kitablar və səfirliyin press-relizi paylanmışdır.
Misirin “Qahirə-3” dövlət televiziya kanalı mərasimdən reportaj hazırlamışdır.
20 Yanvar faciəsi ilə əlaqədar səfirlik tərəfindən həyata keçirilmiş silsilə tədbirlər çərçivəsində Ş.Abdullayevin Misirin birinci televiziya kanalında müsahibəsi yayımlanmışdır. Həmçinin Ş.Abdullayevin faciə ilə bağlı məqalələri nüfuzlu “Youm7”, “Şuruq”, “Əl-Cumhuriyyə”, “Məsəiyə”, “Əl-Əxbar”, “Əl-Təhrir”, “Əl-Dustur Əl-Əsli” və “Əl-Qurnal” qəzetlərində dərc edilmişdir.
Asya Hacızadə
Qahirə