İQTİSADİYYAT
AZƏRBAYCANIN NEFT VƏ QAZ SƏNAYESİNDƏ NANOTEXNOLOGİYALAR TƏTBİQ OLUNUR
Azərbaycanın neft sənayesində nanotexnologiya ilk dəfə akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Azərbaycan Dövlət Neft Akademiyası neft və qaz yataqlarının işlənilməsi kafedrasının və ARDNŞ-in mütəxəssislərinin iştirakı ilə hazırlanaraq uğurla sınaqdan keçirilmişdir. Nanotexnologiyalar, xüsusilə, neft və qazçıxarmada “sinergetik effekt” deyilən az məsrəflə daha çox səmərə əldə etməyə imkan yaratmışdır.
Yeni texnologiya “Suraxanıneft” NQÇİ-nin ərazisindəki 1947 nömrəli quyuda sınaqdan çıxarılmışdır. NQÇİ-nin rəisi Mirqiyas Əsgərov sınaqdan əvvəlki və sonrakı nəticələri müqayisə edərək bildirmişdir ki, texnologiyanın tətbiqi sayəsində quyunun neft hasilatı, orta hesabla, 3 dəfə artmış, emulsiyada suyun həcmi 70 faizdən 45 faizə enmiş, 35 tondan çox əlavə neft əldə edilmişdir.
Hazırda nanotexnologiyanın digər quyularda da tətbiq olunması üzrə təşkilati-texniki tədbirlər işlənib həyata keçirilir.