Azərbaycanın Qazaxıstandakı səfirliyi yerli icma rəhbərləri və nümayəndələri ilə videokonfrans keçirib
Nur-Sultan, 11 dekabr, AZƏRTAC
Azərbaycanın Qazaxıstandakı səfirliyi yerli icma rəhbərləri və nümayəndələri ilə videokonfrans keçirib.
AZƏRTAC xəbər verir ki, Zəfər Günü və ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə keçirilən konfransda Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulması və ölkəmizin zəfər qazanması münasibətilə Qazaxıstanda yaşayan soydaşlarımızı təbrik edib.
Səfir bu gün Azərbaycana böyük Qələbə sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müdrük və uzaqgörən siyasəti, qətiyyəti sayəsində Azərbaycanın Ermənistanın 30 il davam edən işğalçılıq siaysətinə son qoyaraq, öz ərazi bütövlüyünü təmin etdiyini vurğulayıb.
Rəşad Məmmədov bildirib ki, bu Qələbə Heydər Əliyev yolu, siyasəti idi. Ardıcıl proqnozlaşdırılan, addım-addım maddi rifah qazanaraq, güclü ordu quraraq hədəfə doğru irəlilədik. XXI əsrdə torpaqları işğaldan azad etmək çox çətindir. Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə apardıq və 44 günlük Vətən müharibəsində azad olunan torpaqların hər bir qarışı övladlarımızın qanı, canı bahasına qazanılıb.
Xaricdə yaşayan azərbaycanlıların II Qarabağ müharibəsində göstərdikləri maddi-mənəvi dəstəyə görə dərin minnətdarlığını bildirən səfir bu ilin, eyni zamanda, həm ön cəbhədə, həm də arxa cəbhədə könlü Vətən ilə döyünən könüllülərlə yadda qalacağını qeyd edib.
Rəşad Məmmədov bildirib ki, 44 günlük mübarizədə qazax qardaşlarımız bizim yanımızda olublar. Sosial şəbəkələrdə, mətbuatda bizimlə çiyin-çiyinə savaşıblar. Qazaxıstan və dünya ictimaiyyətinə bizim mübarizəmizin haqq səsini çatdırmağa çalışıblar.
Konfransda yerli icma nümayəndələri Qələbənin bəxş etdiyi məğrurluq və fəxarət hisslərinin hələ uzun müddət qəlblərində yaşayacağını bildiriblər. İştirakçılar Vətən müharibəsinin qısa və az itki ilə sonlanmasına görə Müzəffər Ali Baş Komandana, canı və qanı bahasına səfərbər olan, etdiyi qəhrəmanlıqlarla dastan yazan Azərbaycan Ordusuna borclu olduqlarını qeyd ediblər.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan