Azərbaycanın Qırğızıstandakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib
Bişkek, 23 dekabr, АZƏRTAC
Dekabrın 23-də Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov etimadnaməsini bu ölkənin Prezidenti Sadır Japarova təqdim edib.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı Qırğızıstana səfir təyin olunması münasibəti ilə Lətif Qəndilovu təbrik edib, bu işdə ona uğurlar arzulayıb.
Görüşdə Azərbaycanla Qırğızıstan arasında siyasi, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə əlaqələrin gücləndirilməsi, əmtəə mübadiləsinin həcminin artırılması, investisiya qoyuluşunun genişləndirilməsi məsələləri müzakirə edilib.
Sadır Japarov Azərbaycanla ikitərəfli formatda və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Dövlət başçısı deyib ki, Qırğızıstanda xarici investorların maraqlarının qorunması ölkənin prioritet istiqamətlərindən biridir və investisiya şəraitinin yaxşılaşdırılması sahəsində aktiv iş aparılır.
Lətif Qəndilov bildirib ki, Azərbaycan və Qırğızıstanı qədim Türk köklərimizdən gələn ümumi tarix, mədəni-mənəvi irsimiz birləşdirir. Diplomat vurğulayıb ki, beynəlxalq məsələlərdə ölkələrimizin mövqeyi yaxındır. Azərbaycan Qırğızıstanla investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişləndirilməsinə hazırdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek