AZƏRBAYCANIN SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞINDAKI SƏFİRİNƏ BU ÖLKƏNİN ALİ MÜKAFATI TƏQDİM EDİLMİŞDİR
Səmimi dostluq və mehribanlıq şəraitində keçən görüşdə son vaxtlar ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişafından razılıq bildirilmişdir. Görüşdə Prezident İlham Əliyevin ötən ilin martında Səudiyyə Ərəbistanına rəsmi səfərinin əhəmiyyəti, bu səfərin münasibətlərimizin inkişafına təkan verdiyi vurğulanmışdır.
Ər-Riyaddakı səfirliyimizin və şəxsən səfir Elman Araslının ölkələrimiz arasında əlaqələrin inkişafındakı xidmətlərini qeyd edən Səud əl-Feysəl İki Müqəddəs Ocağın xadimi, kral Abdulla bin Əbdüləziz Al Səudun səfir Elman Araslını ölkənin ali mükafatı olan I dərəcəli “Kral Əbdüləziz” ordeni ilə təltif etdiyini bildirmişdir. Nazir ordeni E.Araslıya təqdim etmiş, gələcək fəaliyyətində ona uğurlar arzulamışdır.
Səfir E.Araslı əməyinə verilən yüksək qiymətə görə kral Abdulla bin Əbdüləziz Al Səuda, eləcə də nazir Səud əl-Feysələ minnətdarlığını bildirmiş, bu mükafatı Azərbaycan Prezidentinə və xalqına hörmətin göstəricisi, hər iki ölkə rəhbərliyinin Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin səviyyəsini daha da yüksəltmək əzmi kimi qəbul etdiyini söyləmişdir.
E.Araslı vəliəhd, Baş nazirin müavini, müdafiə və aviasiya naziri əmir Sultan bin Əbdüləzizlə və krallığın digər rəsmi şəxsləri, habelə ictimai və işgüzar dairələrin nümayəndələri ilə də görüşmüş, münasibətlərimizin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmışdır.