SİYASƏT
Azərbaycanın sülh çağırışlarını Ermənistan adekvat cavablandırmalıdır
![Azərbaycanın sülh çağırışlarını Ermənistan adekvat cavablandırmalıdır](/files/2023/1/1200x630/16736002824083817140_1200x630.jpg)
Bakı, 13 yanvar, AZƏRTAC
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Azərbaycan-Ermənistan arasında son iki ildə davam edən sülh prosesi ilə bağlı bildirdi ki, ölkəmiz bölgədə üçüncü müharibəni istəmir. Buna görə də qısa müddətdə tərəflər arasında sülh müqaviləsinin imzalanmasına çalışır. Həqiqətən də biz son iki ildə Azərbaycan-Ermənistan arasında davam edən sülh danışıqlarına nəzər salsaq görərik ki, ölkəmizin mövqeyi aydın və prinsipialdır. Otuz ilə yaxın müddətdə torpaqlarımızın işğalda qalmasına, bir milyon vətəndaşımızın məcburi köçkün vəziyyətinə düşməsinə, vaxtı ilə zəbt olunmuş ərazilərimizdə maddi-mənəvi irsimizin məhv edilməsinə baxmayaraq, bu gün Ermənistana sülh təklif ediriksə bu ölkəmizin sülhpərvər siyasətindən xəbər verir. Ancaq görünən odur ki, son iki ildə Ermənistan hakimiyyəti ölkəmizin bu xoşməramlı, konstruktiv siyasətindən düzgün nəticə çıxarmaq əvəzinə ziddiyyətli, destruktiv və irrasional mövqe nümayiş etdirərək vəziyyəti yenidən gərginləşdirməyə çalışır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli söyləyib.
Ekspert deyib: “Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində açıq bəyan etdi ki, Ermənistan heç kimə güvənməsin və 2023-cü ili son şansı kimi dəyərləndirsin. Ermənistan nəzərə alsın ki, 2025-ci ildə Rusiya sülhməramlı kontingenti bölgəni tərk edəcək. Bu açıqlama o deməkdir ki, Ermənistan cəmiyyəti və hökuməti artıq düzgün qərarlar qəbul etməli, iki ölkə arasında problemlərin həllini nəzərdə tutan sülh müqaviləsini imzalamalı, üzərinə götürdüyü öhdəlikləri tam həyata keçirməlidir. Bu günə qədər Ermənistan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərin bir hissəsini (regional kommunikasiyaların açılmasını, qanunsuz erməni hərbi birləşmələrinin bölgədən çıxarılmasını ) həyata keçirməkdən imtina edir. Belə olan halda, dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycanın səbri sonsuz deyil. Bu o deməkdir ki, ötən il Azərbaycan üç dəfə, Qarabağda və sərhəddə erməni təxribatlarına cavab olaraq hərbi gücündən istifadə edərək qarşı tərəfi cəzalandırdığı kimi məcbur olacağı halda yenə də hərbi yolla problemləri həll edəcək”.
“Təəssüflər olsun ki, hələ də Ermənistan hökuməti baş verənlərdən doğru nəticə çıxarmır və özünün revanşist istəklərindən irəli gələrək hərbi gücünü artırmağa çalışır. Ancaq Ermənistan hakimiyyəti bir həqiqəti aydın dərk etməlidir ki, revanşizmə əsaslanan militarizasiya siyasəti onları yeni ağır məğlubiyyətlərlə üz-üzə qoya bilər. Bu gün Azərbaycanın ümumi inkişafı fonunda iki ölkə arasında hərbi, siyasi, iqtisadi, demoqrafiq güc nisbəti müqayisəolunmazdır. Bütün bunlara baxmayaraq, Azərbaycan bölgədə davamlı sülhün qurulmasında maraqlıdır və bu istiqamətdə diplomatik səylərini davam etdirir. Çox istərdik ki, qarşı tərəf bu siyasətə adekvat cavab versin və nəhayət, regionda sülh bərqərar olsun. Bunun əksi isə bölgədə yeni münaqişə, hərbi toqquşmalardır”, - deyə M.Məmmədli vurğulayıb.