SİYASƏT
AZƏRBAYCANIN TAM HÜQUQLU ÜZVLÜYƏ NAMİZƏDLİYİ DƏSTƏKLƏNMİŞDİR
Qırğızıstan baş nazirinin birinci müavini N.Tanayevin dəvəti ilə respublika Meliorasiya və Su Təsərrüfatı Komitəsi sədrinin müavinindən və XİN-in İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsi rəisinin müavinindən ibarət Azərbaycan hökumət nümayəndə heyəti BMT-nin Mərkəzi Asiyanın iqtisadiyyatı üçün xüsusi Proqramının regional məslətçi komitəsinin fevralın 13-14-də Bişkekdə keçirilmiş üçüncü sessiyasının işində müşahidəçi kimi iştirak etmişdir.
Sessiyada ölkəmizin bu təşkilata tam hüquqlu üzv qəbul olunması məsələsinə də baxıldı. XİN-in İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsi rəisinin müavini Fikrət Paşayev AZƏRTAC-ın müxbirinə bu barədə məlumat verərək demişdir ki, Qırğızıstan Prezidenti Əsgər Akayev forum iştirakçılarına göndərdiyi təbrik məktubunda Azərbaycanın taşkilata tam hüquqlu üzv olmaq niyyətini dəstəkləmişdir. BMT-nin Asiya və Sakit Okean Üçün İqtisadi və Sosial Komissiyasının icraçı katibi Kim Hak Su və Avropa İqtisadi Komissiyasının icraçı katibi əvəzi Paolo Qarrona, habelə sessiyada iştirak edən Qazaxıstan, Qırğızıstan və Tacikistan nümayəndə heyətləri Azərbaycanın namizədliyini dəstəkləmişlər.
Azərbaycanın Proqramına qoşulması Mərkəzi Asiya dövlətləri ilə daha sıx əməkdaşlığa təkan verəcəkdir ki, bu da Avropa ilə Asiyanı birləşdirən körpü kimi ölkəmizin rolunun artmasına kömək edəcəkdir. Azərbaycan nümayəndə heyətinin çıxışında ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı, xüsusən nəqliyyat, energetika, ticarət və xarici sərmayələrin cəlb edilməsi kimi önəmli sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduğu vurğulanmışdır.
Proqram regionda infrastrukturun inkişafı, malların, xidmətlərin və insanların dövlət sərhədlərini keçməsi prosedurlarının sadələşdirilməsi, enerji və su ehtiyatlarından səmərəli istifadə, xarici sərmayələrin cəlb olunması, karbohidrogen xammalının boru kəmərləri ilə dünya bazarlarına nəqlinin çoxvariantlılığının inkişafı kimi mühüm vəzifələrin həlli üçün əlavə daxili və xarici ehtiyatların səfərbər edilməsinə yönəldilmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva