Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən hazırlanmış, tərcümə və nəşr edilmiş kitabların Kiyevdə təqdimatı olacaq
Kiyev, 6 dekabr, AZƏRTAC
Dekabrın 11-də Kiyevdə, V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasında (VUMK) Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən hazırlanmış, tərcümə və nəşr edilmiş kitabların təqdimatı olacaq. Tədbirin təşkilatçıları ölkəmizin Kiyevdəki diplomatik nümayəndəliyi, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası (AMK) və VUMK-dır.
Azərbaycanlı diplomatlar mərasimin çoxsaylı iştirakçılarına aşağıdakı kitabları təqdim edəcəklər: V.Andriyanov, H.Mirələmov - “İlham Əliyev: Azərbaycan Prezidentinin portreti”, 2011-ci il, Ukrayna dilində; C.Qasımlı, O.Kupçik, Ə.Dəmirov - “Ukrayna - Azərbaycan siyasi münasibətləri və müasirlik”, 2012-ci il, rus dilində.
Oxucu auditoriyası aşağıda sadalanan nəşrlərlə də böyük maraqla tanış olacaq: Ramiz Mehdiyev - “Gorus-2010; absurd teatrı mövsümü” , 2012-ci il, Ukrayna dilində; Ramiz Mehdiyev - “Dağlıq Qarabağ: məxəzlər üzrə oxunmuş tarix”, 2014-cü il, Ukrayna dilində; O.Kupçik, Ə.Dəmirov - “Kiyev şəhərinin azərbaycanlı tələbələri Ukraynanın ictimai-siyasi həyatında (1900-1917)”, 2013-cü il, rus dilində; Y.Mahmudov - “Heydər Əliyev ideyalarının müzəffər yürüşü”, 2013-cü il, Ukrayna dilində; R.İvanov - “Kəlbəli xan Naxçıvanski. Onun dövrü və irsi. Tarixi oçerklər”, 2014-cü il, Ukrayna dilində; İ.Həbibbəyli - “XX əsrin əvvəli Azərbaycan ədəbiyyatı”, 2013-cü il, Ukrayna dilində, Mir Cəlal - “Yolumuz hayanadır?”, 2014-cü il, Ukrayna dilində; Mirzə Fətəli Axundzadə - “Seçilmiş əsərləri”, 2014-cü il, Ukrayna dilində; A.Merejko - “Dağlıq Qarabağ problemi və beynəlxalq hüquq”, 2014-cü il, rus dilində; A.Merejko - “The Problem of Nagorno-Karabakh and International Law”, ingilis dilində; R.Novruzov, İ.Qasımov - “Azərbaycan dili. Ukraynalı tələbələr üçün dərs vəsaiti”, 2014-cü il, Ukrayna dilində. Bütün bu kitablar Kiyevdəki “İzdatelskiy dom Dmitriya Buraqo” nəşriyyatında çapdan çıxıb.
Təqdimat mərasiminin iştirakçılarına daha bir neçə maraqlı kitabla tanış olmaq təklif ediləcək: A.Denisenko, V.Turkeviç, L.Şpakovski - “İki dövrün lideri. Azərbaycan-Ukrayna münasibətləri Heydər Əliyevin həyat və fəaliyyəti prizmasında”, Ukrayna və ingilis dillərində”; İ.Pavli - “Azərbaycanca-Ukraynaca, Ukraynaca-Azərbaycanca lüğət”, Kiyev, “Sirio Ukraina” nəşriyyatı, 2012-ci il.
Təqdimat mərasimində Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Kiyevdə akkreditə edilmiş diplomatik korpusun nümayəndələri, M.F.Axundzadə adına AMK-nın direktoru, professor Kərim Tahirov, VUMK-nın, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kiyevdəki ofisinin, “Azərbaycan Hava Yolları” şirkətinin Ukraynadakı nümayəndəliyinin, Kiyevdəki “Akkord” şirkətlər qrupunun, “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” Ümumukrayna İctimai Təşkilatının, “Azərbaycançılıq İnstitutu” Beynəlxalq İctimai Təşkilatının, Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresinin, Ukraynada Azərbaycan Gəncləri İttifaqının, Ümumukrayna Azərbaycan Gənclər Təşkilatının, ölkəmizin digər diaspor strukturlarının rəhbərləri, Ukrayna ədəbi ictimaiyyətinin, Azərbaycan, Ukrayna və Türkiyə KİV-lərinin nümayəndələri iştirak edəcəklər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev