AZƏRBAYCANIN YENİ ANTİKORRUPSİYA STRATEGİYASI VƏ FƏALİYYƏT PLANININ TƏQDİMAT SEMİNARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 10-da Yevlax şəhərində Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə Avropa Şurasının Azərbaycanın şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyası və Avropa Şurasının Korrupsiya ilə Mübarizə Strategiyasına Dəstək (AZPAC) layihəsinin təqdimatına həsr olunmuş ictimai məlumatlandırma seminarı keçirilmişdir. Tədbirin məqsədi Azərbaycan hökumətinin və qeyri-hökumət təşkilatlarının korrupsiya ilə mübarizə sahəsində üzərlərinə götürdükləri öhdəliklərlə əlaqədar ictimai bilikləri artırmaq olmuşdur.
Tədbirdə hökumət, hüquq mühafizə orqanları, qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar və digər qurumların nümayəndələri iştirak etmişlər.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Əli Hüseynov Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərdən, onun səmərəli nəticələrindən danışmışdır. Natiq tədbirin maarifləndirmə xarakteri daşıdığını bildirmişdir.
Seminarda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrupunun sədri Səyyad Kərimov “Azərbaycanın şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyası: məqsədlər və tərkibi”, Avropa Şurasının məsləhətçisi Kventin Rid “AZPAC layihəsi və onun iş planı”, korrupsiyaya qarşı mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsinin əlaqələndiricisi Əliməmməd Nuriyev “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarızə üzrə Milli Strategiyanın həyata keçirilməsində QHT-lərin rolu”, qərb rayonlarında Şəffaflıq Azərbaycan Təşkilatının nümayəndəsi Sevinc Məmmədova “Azərbaycanda korrupsiya ilə mübarizədə QHT-lərin rolu: Şəffaflıq Azərbaycan Təşkilatının fəaliyyəti bir nümunə kimi” mövzularında məruzələr etmiş, müzakirələr aparılmışdır.
