Azərbaycanın Zəfər Günü Niderland Krallığında qeyd edilib
Haaqa, 6 noyabr, AZƏRTAC
Niderland Krallığında 8 Noyabr - Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin bir ili Niderland Krallığındakı səfirliyimizin təşkilatçılığı ilə təntənəli şəkildə qeyd edilib. Zəfər Gününə həsr edilmiş tədbirdə Türkiyə, Avstraliya, Yaponiya, Finlandiya, Bolqarıstan, Vatikan, Peru, Səudiyyə Ərəbistanı da daxil olmaqla Yaxın Şərq, Latın Amerikası, MDB ölkələrinin Niderland Krallığında akkreditə olmuş səfirləri, diplomatlar, Haaqada fəaliyyət göstərən Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) baş direktoru, Niderland parlamentinin üzvü Tunahan Kuzu, Azərbaycan deputatları Səməd Seyidov və Eldar Quliyev, yerli elm və mədəniyyət xadimləri, yerli ictimaiyyətin, eləcə də Azərbaycan və türk diasporasının fəal nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla anılıb.
Səfir Fikrət Axundov ölkəmizin müstəqilliyinin bərpa edilməsindən sonra qazanılan siyasi və iqtisadi uğurlardan danışıb. Ötən il Azərbaycanın əzəli, tarixi torpaqlarını erməni işğalından azad etməsindən - 44 günlük Vətən müharibəsindən sonra bölgədə gedən bərpa, quruculuq işlərindən söz açıb. Ölkəmizin regiondakı nüfuzu, regionun lider ölkəsi olması, beynəlxalq təşkilatlarda rolu və yeri barədə geniş məlumat verib.
Tədbir Niderlandın “Ciconia Consort” orkestrinin fortepiano və skripka musiqiçilərinin ifası ilə davam edib. Niderlandlı musiqiçilər Fikrət Əmirov, Qara Qarayev kimi Azərbaycan bəstəkarlarının musiqilərini səsləndiriblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa