İQTİSADİYYAT
Azərbaycanla Avstriya şirkəti arasında istilik təchizatı sahəsində fikir mübadiləsi aparılıb
Bakı, 4 aprel, AZƏRTAC
Ölkəmizdə istilik təchizatı sahəsində islahatların sürətləndirilməsi, habelə səmərəliliyin artırılması, bərpa olunan enerji mənbələrindən bu məqsədlə istifadə, xidmət səviyyəsinin yüksəldilməsi, kommersiyalaşdırma və bazar iqtisadiyyatı prinsipləri əsasında beynəlxalq təcrübə öyrənilməklə sahənin perspektiv inkişaf istiqamətləri üzrə təkliflərin hazırlanması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində “EU4Energy” proqramının texniki yardımı ilə Avstriyanın “Energie Steirmark Warme GhMB” şirkətinin icraçı direktoru və mütəxəssisləri ilə onlayn görüş keçirilib.
Görüşdə "Azəristiliktəchizat" ASC sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev, cəmiyyətin digər rəhbər işçi və mütəxəssisləri iştirak edib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, görüş iştirakçılarına cəmiyyətin fəaliyyəti, qarşıda duran vəzifələr və istilik təchizatı sahəsində islahatlar, ölkəmizdə mərkəzi istilik sisteminin mövcud vəziyyəti və strukturu barədə ətraflı məlumat verilib.
“Energie Steirmark Warme GhMB” şirkətinin rəhbərliyi Avstriyada mərkəzi istilik sisteminin mövcud imkanları, infrastrukturu, əhatə dairəsi, şirkətin biznes modeli, strategiyası, xidmətləri barədə geniş təqdimatla çıxış edib, yeni investisiya layihələri, şirkətin gələcək strategiyası, istilik təchizatı sahəsində alternativ və bərpa olunan enerji resurslarından istifadə imkanları ilə bağlı ətraflı məlumat verilib.
Görüşdə istilik təchizatı sistemində innovativ texnologiyalardan istifadə məsələlərinə xüsusi diqqət yetirilib.
Müzakirələr çoxsaylı sualların cavablandırılması ilə yekunlaşıb, “Energie Steirmark Warme GhMB” şirkətinin mütəxəssislərinin Azərbaycana dəvəti razılıqla qarşılanıb.