Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub
Bakı, 13 yanvar, AZƏRTAC
Yanvarın 13-də xarici işlər naziri Ceyhun Bayramov ilə İtaliyanın ölkəmizdə səfərdə olan xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli çərçivədə mövcud əməkdaşlıqdan məmnunluq ifadə olunub, siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, energetika, humanitar, təhsil və digər sahələrdə çoxölçülü strateji tərəfdaşlıq əlaqələrinin perspektivlərindən bəhs edilib. Xüsusilə enerji və təhsil sahələrində birgə layihələrin, İtaliya-Azərbaycan Universitetinin fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
Bu gün Bakıda keçirilmiş Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasının uğurla tamamlandığı, əldə olunmuş razılıqların iki ölkə arasında münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.
Tərəflər, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın cari vəziyyəti, o cümlədən enerji və nəqliyyat, alternativ enerji layihələri ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər müzakirə olunub.
Bu gün Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmələr də keçirilib.