Azərbaycanla Latviya arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Latviya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya ilə görüşüb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı respublikamızda qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfirə ətraflı məlumat verilib.
Eyni zamanda görüşdə iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan işlər nəzərdən keçirilib, müzakirələr aparılıb. Qeyd edilib ki, bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatlar Latviyanın Qida və Baytarlıq Xidmətinə təqdim olunub.
Hazırda agentlik tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi prosesi davam etdirilir. Həmçinin "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında" Anlaşma Memorandumu çərçivəsində balıq məhsullarının istehsalına və akvakultura xəstəliklərinə rəsmi nəzarət üzrə Latviya təcrübəsinin öyrənilməsi sahəsində iş aparılır. Eləcə də görüş zamanı Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində hazırlanmış, Latviya ilə Litvanın tərəfdaşlığı ilə həyata keçirilmiş “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” layihəsinin uğurla yekunlaşdığı vurğulanıb. Azərbaycanla Latviya arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə əməkdaşlığın beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli formatda davam etdirildiyi, idxal-ixrac əməliyyatlarının uğurla aparıldığı önə çəkilib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.