Azərbaycanla Misirin Şarm Əl-Şeyx şəhəri arasında birbaşa hava xətti açıla bilər
AZƏRTAC Misir mətbuatına istinadən xəbər verir ki, avqustun 29-na qədər davam edəcək səfər çərçivəsində ölkəmizi təmsil edən nümayəndə heyətinin üzvləri Şarm Əl-Şeyx şəhərində Cənubi Sina vilayətinin qubernatoru general Xalid Fuda ilə görüşmüşlər.
Görüşdə, Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin rəisi Aydın İsmiyev ölkəmizdə turizmin inkişafı naminə həyata keçirilən mühüm layihələrdən və bu sahənin inkişafının Azərbaycan dövlətinin hər zaman diqqət mərkəzində olmasından söz açıb.
O, Şarm Əl-Şeyx şəhərindəki bir sıra turizm obyektləri və otellərlə yaxından tanış olduqlarını bildirərək, buradakı işləri yüksək qiymətləndirib və tezliklər misirli turistləri Azərbaycanda görmək istədiyini vurğulayıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Şarm Əl-Şeyx şəhəri ilə ölkəmizin turizm şəhərləri arasında qardaşlaşma saziş və protokollarının imzalanması, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivləşdirilməsi və birbaşa hava xəttinin açılması məsələsini müzakirə etmək məqsədilə Cənubi Sinanın qubernatorunu Azərbaycana səfərə dəvət edib.
Cənubi Sina vilayətinin qubernatoru general Xalid Fuda bu dəvəti məmnuniyyətlə qəbul edərək, nümayəndə heyətinin üzvlərinə Şarm Əl-Şeyx şəhəri, onun zəngin turizm imkanları, müxtəlif ölkələrdən gələn turistlər haqqında ətraflı məlumat verib.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
Görüşdə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev, Misirin Daxili İşlər nazirinin birinci müavini general Mahmud Əl-Həfnəvi, Cənubi Sina vilayətinin təhlükəsizlik müdiri general Hatim Əmin iştirak ediblər.