Azərbaycanla Pakistan arasında silahlı qüvvələrimizin əməkdaşlığının daha da dərinləşdirilməsi məsələləri müzakirə edilib
İslamabad, 5 oktyabr, AZƏRTAC
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Nadim Raza ilə görüşüb
AZƏRTAC xəbər verir ki, səmimi qəbula görə təşəkkürünü bildirən Xəzər Fərhadov Azərbaycanla Pakistan arasında yüksəksəviyyəli əlaqələrindən söhbət açıb və Azərbaycan Prezidentinin bu əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini qeyd edib. O, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğalı dövründə, eləcə də 44 günlük Vətən müharibəsi zamanı Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini deyib. Bunun göstəricisi olaraq Vətən müharibəsi vaxtı Azərbaycanın bütün şəhər və rayonlarında Azərbaycan, Pakistan və Türkiyə bayraqlarının birgə dalğalandıdığını vurğulayıb.
General Nadim Raza X.Fərhadovu səfir təyin olunması münasibətilə təbrik edib və ona ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafı istiqamətindəki fəaliyyətində uğurlar arzulayıb.
N.Raza tanışlıqdan məmnun olduğunu bildirib, Vətən müharibəsi zamanı, ondan əvvəlki dövrdə Pakistanın daim qardaş Azərbaycan xalqının və dövlətinin yanında olduğunu və bu səbəbdən də Pakistanın Ermənistanı müstəqil dövlət kimi tanımadığını qeyd edib. O, Azərbaycanda rəsmi səfərdə olan zaman Azərbaycan xalqının Pakistana və xalqına olan sevgisinin şahidi olduğunu qeyd edərək səmimi qardaşlıq münasibətlərinin ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlıqla yanaşı, iqtisadi və turizm sahələrinin də inkişaf etdirilməsinə zəmin yaratdığını vurğulayıb, bu imkandan ölkələrimizin qarşılıqlı rifahı və qardaşlıq münasibətlərinin genişlənməsi üçün istifadə edilməsinin vacib olduğunu bildirib.
X. Fərhadov Azərbaycan ilə Pakistan arasında bütün sahələrdə əlaqələrin daha da aktivləşdiyini, xüsusən müdafiə sənayesi, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın artan istiqamətdə irəlilədiyini və COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlər aradan qalxdıqdan sonra Azərbaycan və Pakistan arasında birbaşa aviareyslərin açılması istiqamətində hazırlıq işlərinin yekunlaşdığını bildirib. O, cari il ərzində Azərbaycan-Pakistan-Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş-2021” beynəlxalq təliminin yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb və qarşılıqlı əhəmiyyəti olan bu sahədə əməkdaşlığın gələcəkdə də davamını arzulayıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad