CƏMİYYƏT
Azərbaycanla Serbiya demoqrafiya sahəsində qabaqcıl təcrübələrin mübadiləsini həyata keçirəcək
![](/files/galleryphoto/2023/1/1200x630/16784526475971138911_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16784526474258864987_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1678452647250914317_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16784526473156447873_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16784526471149523604_1200x630.jpg)
Bakı, 10 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Serbiyanın ailə rifahı və demoqrafiya naziri xanım Dariya Kisiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ölkəmiz tərəfindən həmsədri Sahil Babayev Azərbaycan və Serbiyanın dövlət başçılarının səyləri nəticəsində iki ölkənin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, keçən il Azərbaycan və Serbiyanın ticarət dövriyyəsində 17,9 faiz artım olduğu, ötən dövrdə imzalanan əməkdaşlıq sənədlərinin əlaqələrin yüksələn xətlə inkişafında əhəmiyyəti qeyd olunub. Ölkəmizdə son illər aparılan sosial islahatlar, beynəlxalq səviyyədə yüksək dəyərləndirilən DOST təcrübəsi, sosial xidmətlərin avtomatlaşdırılması sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verilib.
Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində aparılan dövlət siyasəti və əsas demoqrafik meyillərdən bəhs olunub. Ölkəmizdəki müsbət demoqrafik vəziyyət, əhalinin sabit artım tempinin mövcud olduğu və əhali proqnozlarının hazırlanması sahəsində aparılan işlər diqqətə çatdırılıb.
Xanım D.Kisiç Azərbaycana səfərinin xoş təəssüratlarını ifadə edib. Serbiyanın Azərbaycanla dost münasibətini və əlaqələri daim genişləndirmək əzmində olduğunu vurğulayıb.
Görüşdə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Serbiyanın Ailə Rifahı və Demoqrafiya Nazirliyi arasında əməkdaşlıq üçün hüquqi bazanın genişləndirilməsinin vacibliyi qeyd olunub.
Demoqrafiya sahəsində əlaqələrin dərinləşdirilməsi, bu sahədə qabaqcıl təcrübələrin mübadiləsi və nazirliklər arasında əməkdaşlıq sənədinin imzalanması məsələləri müzakirə edilib.