Azərbaycanlı gənc Avropa Şurasının konfransında sədrlik edib
Bakı, 19 aprel, AZƏRTAC
Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) sədr müavini Aysun Zeynalova Strasburqda keçirilən “Nifrət nitqinə yox” hərəkatının qiymətləndirmə və bağlanış konfransında iştirak edib. Avropa Şurası tərəfindən keçirilən kampaniyanın yekun konfransına 120-dən çox nümayəndə qatılıb.
GTMŞ-dən AZƏRTAC-a bildiriblər ki, konfransın məqsədi 2012-ci ildən start verilən kampaniya çərçivəsində bu günədək üzv ölkələrdə keçirilən layihələrin hesabatlarının təqdimatı və gələcək fəaliyyət haqqında müzakirələrin aparılması olub.
Ötən il Gənclər Təşkilatları Milli Şurası “Nifrət nitqinə yox” hərəkatının qiymətləndirmə və bağlanış konfransının hazırlıq komitəsinə seçilib. Komitədə Şuranı sədr müavini Aysun Zeynalova təmsil edib. Komitənin məqsədi 2017-ci ilin sonunda rəsmi fəaliyyətini tamamlayan kampaniyanın ümumi fəaliyyətini dəyərləndirmək və buna müvafiq olaraq yekun konfransa hazırlıq işlərinin aparılması olub.
Konfransda 40-dan çoxdan ölkəni təmsil edən gənclər tərəfindən yekun hesabatların təqdimatı keçirilib. Daha sonra mövzu üzrə “Sosial şəbəkələrdə nifrət nitqi”, “İnsan hüquqları”, “Nifrət nitqi bu gün” mövzular üzrə müzakirələr aparılıb.
GTMŞ-in nümayəndəsi bir gün müddətində ümumi konfransın sədri olub. O, həmçinin konfransın rəsmi hissəsindən sonra təşkil olunan üç qrup işində moderatorluq edib.
“Nifrət nitqinə yox” hərəkatı Avropa Şurası tərəfindən gənclər sahəsi üzrə prioritet təşəbbüs kimi həyata keçirilir.