Azərbaycanlı məktəblilərin hazırladığı peyk bir il ərzində orbitdən IoT məlumatları ötürəcək
Bakı, 3 dekabr, Pərvanə Qafarova, AZƏRTAC
Azərbaycanlı məktəblilərin hazırladığı ilk peyk təxminən bir il ərzində orbitdə fəaliyyət göstərəcək və müasir texnologiya istiqamətlərindən biri olan Əşyaların İnterneti (IoT) üzrə məlumatların toplanmasını təmin edəcək.
Bu barədə AZƏRTAC-a açıqlamasında “Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov bildirib.
Onun sözlərinə görə, “Azərbaycanın Zəfəri” peyki dünyanın müxtəlif nöqtələrində yerləşən IoT sensorlarından informasiya əldə edə biləcək ki, bu da həm real elmi məlumatların toplanması, həm də həmin biliklərin təhsil məqsədləri üçün tətbiqi baxımından böyük imkanlar yaradır.
Dunay Bədirxanov qeyd edib ki, Kosmik Akademiyada peyk texnologiyaları, kosmik rabitə və peyk təsvirlərinin istifadəsi üzrə yeni layihələr davam etdiriləcək. O xatırladıb ki, indiyədək məktəblilər bir neçə dəfə Beynəlxalq Kosmik Stansiya ilə birbaşa rabitə yaradaraq astronavtlarla danışmaq imkanı əldə ediblər. Bununla yanaşı, “Yerin məsafədən müşahidəsi” üzrə elmi müsabiqə də yekunlaşma mərhələsindədir.
Azərbaycanın ikinci peyk proqramı ilə bağlı məlumat verən D.Bədirxanov layihənin cədvəl üzrə irəlilədiyini vurğulayıb: “Mütəxəssislərimiz ‘Azərsky-2A’ peykinin hazırlanmasında birbaşa iştirak edir və əldə etdikləri biliklər gələcəkdə yeni peykin ölkə daxilində yığılması prosesinə töhfə verəcək. Layihənin növbəti mərhələləri barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək”.
Dunay Bədirxanov əlavə edib ki, Azərbaycanda peyk hissələrinin yerli istehsalı istiqamətində də proseslər plan üzrə davam edir və yaxın zamanda bu sahədə yeni nəticələrin açıqlanması gözlənilir.