AZƏRBAYCANLILAR DİNLƏRƏ XOŞ MƏRAM VƏ QƏRƏZSİZ MÜNASİBƏT GÖSTƏRİRLƏR
Səfərdən məqsədin respublikamızda din və etiqad azadlığı durumunun qiymətləndirilməsi olduğunu qeyd edən Ə.Cahangir, qüsursuz əməkdaşlığa və heyranedici qonaqpərvərliyə görə, başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, ölkə rəhbərliyinə və xalqımıza dərin minnətdarlığını bildirmişdir. BMT təmsilçisi xüsusi məruzəçi kimi hər hansı ölkəyə, o cümlədən Azərbaycana yalnız hökumətin dəvəti ilə səfər etdiyini söyləmiş, bu diqqətə görə minnətdarlıq etmişdir. Azərbaycanda tolerantlığın mövcudluğunu söyləyən qonaq, respublikamıza dəvət olunmasını bunun təsdiqi kimi dəyərləndirmişdir.
Xüsusi məruzəçi səfər müddətində mərkəzi və yerli hakimiyyət orqanlarının, dini icmaların, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşdüyünü, Ermənistanın hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın ağır həyat şəraiti ilə tanış olduğunu açıqlamışdır. O, ölkəmizdə dinlərə xoş məramın və qərəzsiz münasibətin şahidi olduğunu və buna heyran qaldığını bildirmiş, dini dözümlülüyün yüksək səviyyəsini müsbət qiymətləndirmişdir. Azərbaycan hökuməti dini məsələləri həll etmək üçün xüsusi mexanizm yaratmışdır. Hökumət din və etiqad azadlıqlarına hörmətlə yanaşır.
BMT təmsilçisi səfərinin yekunlarına dair məruzə hazırlayaraq, Azərbaycan hökumətinə və BMT-nin İnsan Hüquqları Komissiyasına təqdim edəcəyini demişdir. Həm Qərb, həm də Şərq dəyərlərinə sahib olan Azərbaycanın siyasi nöqteyi-nəzərdən heç bir dinə qarşı çıxmadığını vurğulayan qonaq, ölkəmizin bu baxımdan bir çox dövlətlər üçün nümunə olduğunu diqqətə çarpdırmışdır.