Azərbaycanlıları soyqırımına məruz qoymaq tarix boyu ermənilərin məkrli niyyəti olmuşdur
Gəncə, 31 mart (AZƏRTAC, Sabir Əliyev). 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Gəncə şəhərindəki Şəhidlər xiyabanında faciə qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov XX əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasəti nəticəsində Bakıda, Şamaxıda, Quba qəzalarında, eləcə də Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər bölgələrində törədilən qəddarlıqlardan danışmışdır. Bu etnik təmizləmə siyasətinə ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə dövlət səviyyəsində siyasi qiymət verildiyi diqqətə çatdırılmışdır.
Anma mərasimində Gəncə Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Həsənbala Sadıqov, universitetin dosenti Asif Cavadov və başqaları çıxış edərək 31 mart - Azərbaycanlıların Soyqırımı Gününü tarixin qan yaddaşı kimi dəyərləndirmiş, ermənilərin xalqımıza qarşı soyqırımı siyasətinin bu gün də davam etdirildiyini faktlarla diqqətə çatdırmışlar.
Sonda mərasim iştirakçıları erməni xislətinin qurbanları olan 370 nəfərədək Gəncə şəhidlərinin məzarlarını ziyarət etmiş, üzərinə tər qərənfillər düzmüşlər.