SİYASƏT
Azərbaycanlıların Mədəniyyət və Həmrəylik Mərkəzi Novruz bayramını qeyd etmişdir
Moskva, 22 mart (AZƏRTAC). Azərbaycanlıların Mədəniyyət və Həmrəylik Mərkəzi (AMHM) Moskvanın Ostankino rayonundakı “Korolevski” konsert salonunda Novruz şənlikləri təşkil etmişdir. Təntənəli tədbirdən əvvəl qonaqlar bayram süfrəsinə dəvət edilmiş, ənənəvi Novruz şirniyyatını dadmışlar.
AMHM-nin idarə heyətinin sədri Namiq Şahpələngov tədbiri açaraq mərkəzin fəaliyyətindən, görülmüş işlərdən və gələcək planlardan söz açmış, aztəminatlı ailələrə yardım göstərilməsini və Rusiyada təhsil alan azərbaycanlı tələbələrə aylıq təqaüdlərin ayrılmasını mərkəzin birinci dərəcəli vəzifəsi adlandırmışdır. Təbbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edən N.Şahpələngov demişdir ki, belə tədbirlərin başlıca məqsədi həmvətənləri bir araya araya gətirib Novruzu bayram etmək və xalqımızın zəngin adət-ənənələrini yaşatmaqdır.
Sonra Azərbaycanın Rusiyadakı səfirliyinin diasporla iş üzrə müşaviri Aqşin Əliyev çıxış edərək səfir Polad Bülbüloğlunun təbriklərini çatdırmışdır.
Tədbir çərçivəsində, həmçinin Rusiyadakı Azərbaycan diasporunun xalqımızın milli-mədəni dəyərlərinin təbliği işində fərqlənmiş üzvlərinin mükafatlandırılması mərasimi olmuşdur. Moskva Dövlət Lingvistika Universitetinin professoru Tofiq Məlikli, Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin rektoru, akademik, sosiologiya elmləri doktoru Vaqif Bayramov mükafatlandırılanlar sırasında olmuşlar.
Gözəl bayram konserti tamaşaçıların zövqünü oxşamışdır. Onlar Rusiyadakı Azərbaycan icmasının müxtəlif yaradıcı kollektivlərinin, habelə Azərbaycandan dəvət edilmiş incəsənət ustalarının yaddaqalan çıxışlarını hərarətlə qarşılamışlar.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva