Azərbaycanlıların soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan iş real nəticələr verməkdədir
Tərtər, 31 mart (AZƏRTAC). Tərtər şəhərindəki Gənclər Mərkəzində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin, idarə və təşkilatların, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyətin nümayəndələri əvvəlcə “Şəhidlər” abidə kompleksini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.
Tədbirdə çıxış edənlər ermənilər tərəfindən Azərbaycan xalqına qarşı yüz illər boyu həyata keçirilən soyqırımı və deportasiya siyasətinin mahiyyəti, tarixi kökləri barədə danışmışlar. Bildirilmişdir ki, ermənilər öz havadarlarının köməyi ilə 1905-1907, 1918-1920, 1948-1952 və 1988-1994-cü illərdə xalqımıza qarşı soyqırımı, etnik təmizləmə, deportasiya siyasəti yeridərək kütləvi qətliamlar, görünməmiş vəhşiliklər törətmişlər. 1918-ci ilin martında erməni millətçilərinin Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi ilə həyata keçirdikləri soyqırımı zamanı on minlərlə dinc insan öldürülmüş, görünməmiş qanlı cinayətlər törədilmişdir. Həmçinin Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ və digər ərazilərdə yüzlərlə kənd dağıdılmış, əhali kütləvi surətdə məhv edilmişdir.
Ermənilərin azərbaycanlılara qarşı yönəlmiş bu məkrli siyasəti sovet hakimiyyəti illərində də ara verməmiş, Zəngəzur və digər ərazilər Ermənistana birləşdirilmiş, 1948-52-ci illərdə Azərbaycan türkləri öz dədə-baba torpaqlarından deportasiya olunmuşdur. Ötən əsrin axırlarında, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda həyata keçirilən növbəti soyqırımında on minlərlə azərbaycanlı öldürülmüş, şikəst edilmiş, əzəli torpaqlarımız olan Ermənistanda etnik təmizləmə aparılmışdır.
Çıxışlarda ümummilli lider Heydər Əliyevin azərbaycanlıların soyqırımı haqqında 1998-ci il 26 mart tarixli Fərmanının əhəmiyyəti vurğulanmış, ermənilərin qanlı əməlləri və məkrli niyyətləri barədə əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Prezident İlham Əliyevin fəaliyyəti yüksək qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, bu istiqamətdə aparılan iş artıq real nəticələr verməkdədir.