Azərbaycanlıların soyqırımı ilə bağlı “dəyirmi masa” keçirilmişdir
Bakı, 29 mart (AZƏRTAC). Martın 29-da Qaradağ Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə tədbir iştirakçıları foyedə uşaqların soyqırımı mövzusunda rəsmlərindən ibarət sərgi ilə tanış olmuşlar.
“Dəyirmi masa”da azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi, və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən biri kimi qiymətləndirilmişdir. Həmçinin bu hadisələrə uzun müddət dəyər verilmədiyi, yalnız ümummilli lider Heydər Əliyevin 1918-ci ilin mart hadisələrinin 80-ci ildönümünü ilə bağlı imzaladığı tarixi Fərmanın erməni millətçilərinin hərəkətlərinə verilən ilk siyasi qiymət olduğu vurğulanmışdır.
Tədbir iştirakçıları ötən əsrdə ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən danışmış, 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 95 il ötməsinə baxmayaraq bu vəhşiliklərin xalqın qan yaddaşında əbədi iz buraxdığını qeyd etmişlər. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasətinin bu gün özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə bir daha büruzə verdiyi, ermənilərin xalqımıza qarşı tarixi münasibətinin hələ də dəyişmədiyi diqqətə çatdırılmışdır.