AZERCELL EDGE TEXNOLOGİYASINI TƏQDİM ETMİŞDİR
Azercell Telekom BM-in baş direktoru Sərdar Canoğulları çıxış edərək, bu texnologiyanın üstünlüklərindən danışmış, yeniliyin məlumatların sürətli ötürülməsi istiqamətində növbəti müasir mərhələ olduğunu vurğulamışdır. O, bu texnologiyanın respublikanın bütün ərazisi üçün nəzərdə tutulduğunu, onun mobil şəbəkə ötürülməsi sürətini GPRS-ə nisbətən 4 dəfə artırmağa imkan verdiyini demişdir.
Azercell şəbəkəsində keçirilən testlərin nəticələrinə əsasən, yeni texnologiya sayəsində məlumatların daha sürətli ötürülməsinə nail olunub. Bundan sonra Azercell abonentləri təcrübədə EDGE-nin üstünlüklərini dəyərləndirə biləcək, sürətli melodiya və fotoşəkillər mübadiləsi, WAP və digər müasir xidmətlərdən qüsursuz istifadə edəcəklər. Mobil internet və digər servislər EDGE-nin köməyi ilə daha keyfiyyətlə işləyir, ondan istifadə qiymətləri isə GPRS texnologiyasından fərqlənmir.
Layihə çərçivəsində cari ilin sonunadək EDGE texnologiyası Bakı və Abşeron yarımadasını əhatə edəcək. 2006-cı ildən bu xidmətin respublikanın bütün ərazisində fəaliyyət göstərməsi üçün işlərə başlanacaq və 2007-ci ildə isə EDGE Azərbaycanda xidmət göstərdiyi bütün ərazilərdə işləyəcəkdir.
Qeyd edək ki, EDGE-nin tətbiqi ilə Azercell Telekom GPRS-in güzəştli kommersiya istismarı dövrünü başa vurmuş və hər iki xidmət üçün vahid tarif müəyyən etmişdir. Artıq oktyabrın 14-dən Azercell abonentləri üçün EDGE və GPRS-dən istifadə 50 manata, SimSim abonentləri üçün 3 kontura, GəncSim abonentləri üçün isə 2 kontura başa gəlir.