“Azərikimya” İstehsalat Birliyində ənənəvi payız iməcilikləri davam etdirilir
Sumqayıt, 19 noyabr (AZƏRTAC). “Azərikimya” İstehsalat Birliyinin kollektivi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ətraf mühitin mühafizəsi” üzrə 2013-cü ilin ekoloji tədbirlər planına uyğun olaraq payız iməciliklərinə həvəslə qoşulmuşdur.
Birliyin mətbuat xidmətindən AZƏRTACa bildirmişlər ki, noyabr ayının əvvəlindən etibarən hər şənbə günləri keçirilən iməciliklərdə “Azərikimya” İB-nin idarə aparatının, “Kimyalayihə” İnstitutunun, etilen-polietilen, üzvi sintez və mexaniki-təmir zavodlarının, təmir-tikinti, nəqliyyat və xüsusi texnika idarələrinin, anbar təsərrüfatının ümumilikdə 1000-dən artıq işçisi iştirak etmişdir.
İməciliklər zamanı etilen-polietilen zavodunun bütün sex və istehsalatlarının, nəqliyyat və xüsusi texnika idarəsinin daxili ərazilərində, həmçinin birliyin müəssisələrinin yerləşdiyi Səməd Vurğun küçəsi boyunca ümumilikdə 2500-ə yaxın müxtəlif növ ağac, xeyli bəzək bitkiləri əkilmiş, minlərlə ağaca qulluq göstərilmiş, təmizlik və abadlıq işləri aparılmışdır.
Kimyaçılar şənbə iməciliklərini payız mövsümünün sonunadək davam etdirməyi planlaşdırırlar.