“AZƏRİSTİLİKTƏCHİZAT” ASC-NİN SƏDRİ YAŞAR HƏSƏNOVUN ÇIXIŞI
Hörmətli iclas iştirakçıları!
Müasir Azərbaycanın ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş iqtisadi strategiyasını Prezident cənab İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkədə həyata keçirilən islahatlar iqtisadiyyatın bütün sahələrində dinamik inkişafa səbəb olduğu kimi, istilik təchizatı sahəsində irəliləyişə böyük təkan vermişdir.
Cənab Prezident, icazə verin, “Azəristiliktəchizat” Səhmdar Cəmiyyətinin çoxminli kollektivi adından bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirim və nəzərinizə çatdırım ki, kollektivimiz Sizin həyata keçirdiyiniz, Azərbaycan xalqının milli maraqlarının maksimum dərəcədə təmin olunmasına xidmət edən, bir-birini tamamlayan xarici və daxili siyasət kursunuzu yekdilliklə dəstəkləyir, dövlətçiliyimizin əleyhinə olan, respublikamızın hər bir sahədə inkişafını gözü götürməyən bədnam müxalifətin ölkəmizdə sabitliyi və əmin-amanlığı pozmaq cəhdlərini pisləyir.
Sizi əmin edirik ki, iqtisadiyyatımızın inkişafında qarşımıza qoyulan bütün tapşırıqları yerinə yetirmək üçün səy və bacarığımızı bundan sonra da səfərbər edəcəyik. Sizin Azərbaycanın istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında 2005-ci ilin iyun və avqust aylarında verdiyiniz sərəncamlar respublikada istilik enerjisi istehsalının artırılmasına və istilik xidmətləri göstərilməsinə əsaslı surətdə yeni zəmin yaratmışdır. Sərəncamların imzalandığı vaxtdan keçən qısa müddət ərzində respublikada istilik qurğularının vəziyyəti araşdırılaraq, onların əksəriyyəti təmir edilmiş, Sizin avqustun 10-da Günəşli qəsəbəsində yerləşən 9 nömrəli rayon istilik qazanxanasının əmək kollektivi ilə görüşünüz zamanı verdiyiniz tapşırıqların yerinə yetirilməsi üçün sahənin payız-qış mövsümünə hazırlanması ilə əlaqədar tədbirlər planı həyata keçirilməyə başlanmışdır.
Görülmüş tədbirlər nəticəsində Bakı və Sumqayıt şəhərlərində 111 qazanxanadan 107-si, 138 istilik məntəqəsindən 132-si qışa tam hazır vəziyyətə gətirilmiş, respublikanın digər bölgələrində isə işləməsi nəzərdə tutulan 95 qazanxanadan 87-si tam hazırlanmış, digərlərində isə sonuncu tamamlama və sazlama işləri aparılır.
Bundan əlavə, payız-qış mövsümünə hazırlıqla əlaqədar tərtib olunmuş planda nəzərdə tutulan bütün işlər müvafiq ardıcıllıqa yerinə yetirilmişdir. Belə ki, Bakı şəhəri üzrə nəzərdə tutulan 660 kilometr istilik kəmərlərinin yuyulması və təzyiqin yoxlanılması, ötən mövsüm başa çatdıqdan sonra 109 qazanxanada və 138 istilik məntəqəsində kompleks təmir işləri həyata keçirilmiş, 670 yeni nasos, 4500 siyirtmə, 80 elektrik mühərriki əsaslı təmir edilmiş, istilik məntəqlərində 300 elektrik avadanlığı yoxlanılaraq, cari təmir olunmuşdur.
11 kilometr istilik kəməri hissə-hissə, həmçinin 71 ədəd siyirtmə dəyişdirilmiş, qazanxanaların böyük hissəsinin dam örtükləri bərpa olunmuşdur.
Bu gün daxili imkanlar hesabına və dövlətin köməyi nəticəsində 6 nömrəli rayon istilik qazanxanasında əsaslı təmir işləri tam başa çatdırılmış, Sabunçu qəsəbəsindəki 172 nömrəli qazanxana əsaslı təmir olunmuş və həmin qazanxanaya yeni qaz xətti çəkilmişdir.
Möhtərəm cənab Prezident!
Mən demək istəyirəm ki, ümumiyyətlə bu il Bakı şəhərində mənzilləri istilik alacaq binaların sayı keçənilkinə nisbətən 50 faiz artacaqdır. Azərbaycanın rayonlarında istiliklə təmin olunmalı obyektlərin sayı 25 faiz artacaqdır. Sizi əmin edirəm ki, qarşımıza qoyulmuş vəzifələrin hamısı yerinə yetiriləcəkdir. Kollektivimiz Sizin qayğınızı daim hiss edir və buna cavab olaraq, qarşımıza qoyulmuş bütün tapşırıqlara əməl olunacaqdır.
İLHAM ƏLİYEV: Gələn ilin sonuna qədər Bakının istiliklə təmin olunması həll edilməlidir, vəsait ayrılıbdır, nə qədər lazımdır ayrılacaq, sadəcə olaraq, işləri lazımi səviyyədə qurun.
YAŞAR HƏSƏNOV: Baş üstə.
İLHAM ƏLİYEV: Sağ olun.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev iclasda yekun nitqi söylədi.