“Azəristiliktəchizat” payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb
Bakı, 25 iyun, AZƏRTAC
“Azəristiliktəchizat” ASC 2023-2024-cü il payız-qış mövsümə hazırlıq çərçivəsində təmir-bərpa işlərinə başlayıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq 641536 kilometr istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və yuyulub, 2779 kilometr istilik xətləri əsaslı təmir olunub, 58429 kilometr istilik kəməri təmirdən sonra hidravlik təzyiqə yoxlanılıb, istilik xətlərində 647,02 kvadratmetr istilik örtük qatı təmir edilib, 382 ədəd istilik kamerası təmizlənib. 155 qazanxana və 38 istilik məntəqəsi kompleks yoxlanılıb, 1 ədəd qazan aqreqatı əsaslı və 85-i cari təmir olunub.
Bundan əlavə, 46 dəst istilik mübadilə aparatları təmir və təftiş olunub, 130 ədəd istilik mübadilə aparatları hidravlik təzyiqə yoxlanıb, 59 dəst istilik mübadilə qurğusu mexaniki və 22 dəst kimyəvi üsulla təmizlənib. 6 ədəd nasos əsaslı, 214 ədəd cari təmir olunub, 20 ədəd siyirtmə, 3 ədəd əks klapan, 229 ədəd müxtəlif diametrli dirsək yenisi ilə əvəz edilib.
Ümumilikdə istilik təsərrüfatlarında 1000 kilometrdən artıq magistral və məhəlli istilik xətləri, 150 kilometr qaz xətləri, 49 minə yaxın müxtəlif təyinatlı avadanlıq və qurğu istismar olunur.
Hazırlıq işlərinin oktyabradək başa çatdırılması planlaşdırılır.