“AZƏRKİMYA” NÖVBƏTİ KREDİTİ ÖDƏMİŞDİR
Azərbaycan xalqının ümummilli lideri Prezident Heydər Əliyevin təşəbbüsü və şəxsən iştirakı ilə 2001-ci ildə Sumqayıtdakı Etilen-polietilen zavodunda nəhəng kompleks - buxar-generator qurğusu işə salınmışdır. Qurğunu dövlətın zəmanəti ilə həmin bankın güzəştli krediti hesabına Yaponiyanın “Niçimen korporeyşn”, “Çiodi” firmaları maliyyələşdirmişdir. Bu layihənin gerçəkləşməsi respublikanın kimya sənayesində mövcud olan bir çox problemləri aradan qaldırmağa imkan vermişdir. Özü elektrik enerjisi istehsal edən buxar-generator qurğusunun yüksək səmərəliyi, istismarda etibarlığı sayəsində məhsulun maya dəyəri aşağı düşmüş, dünya bazarında onun real rəqabət qabiliyyəti təmin edilmişdir.
Zavodun direktoru, texnika elmləri doktoru Əbülfəz Babayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, indi müəssisənin sabit işi Sumqayıtın ümumi daxili məhsulunun yarısını təmin edir. Kreditin birinci hissəsi 2001-ci ilin iyununda ödənilmişdi. Ötən müddət ərzində 11 ödəniş olmuş, cəmi 41,2 milyon dollar qaytarılmışdır.