“AZƏRSU” SƏHMDAR CƏMİYYƏTİ YARIM İLDƏ RAYONLARDA 67,1 KİLOMETR SU XƏTTİ ÇƏKMİŞDİR
Bu müddətdə Bakı şəhərində Maştağa və “Şərq” mərkəzi su anbarları əsaslı təmir olunmuş, Bilgəh qəsəbəsində 2 kilometrə yaxın su xətti çəkilmiş, Buzovna qəsəbəsində təmizləyici qurğunun, Səngəçal və Ümid qəsəbələrində kanalizasiyanın, nasos stansiyalarının tikintisi başa çatdırılmışdır. Sabunçu, Binəqədi, Suraxanı, Nizami, Xətai və Qaradağ rayonlarının kənd və qəsəbələrində su təchizatının, kanalizasiya sisteminin yaxşılaşdırılması məqsədi ilə tədbirlər görülmüşdür.
Ölkənin mövcud su qurğularında təmizləmə texnologiyasına əməl olunması, suyun zərərsizləşdirilməsində yeni texnologiyaların tətbiqi də unudulmamışdır. Zərdab, Ağsu, Qəbələ, İsmayıllı, Qusar, Lənkəran, Astara, Salyan, Saatlı və digər rayonlarda bu sahədə xeyli irəliləyiş vardır. Ümumiyyətlə, hesabat dövründə 67,1 kilometrlik su xətti çəkilmiş, 24,8 kilometr uzunluğunda kanalizasiya xətti quraşdırılmışdır. Yaşayış məntəqələrində təmir-bərpa işləri cədvəl üzrə aparılmış, müvafiq olaraq 48,5 və 2,98 kilometrlik su və kanalizasiya xətləri bərpa edilmişdir. Ümumi tutumu 189,4 min kubmetr olan su anbarları yuyulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin şimal, şimal-qərb, qərb, cənub, Şirvan-Muğan bölgələrinə səfərlərindən sonra qəbul etdiyi müvafiq sərəncamlara uyğun olaraq 2005-ci ilin avqust ayından başlanan işlər davam etdirilir.