AZƏRTAC-da təşkil olunmuş fotojurnalistika kurslarının iştirakçılarına sertifikatlar təqdim edilib
Bakı, 25 iyun, AZƏRTAC
Medianın İnkişafı Agentliyinin (MEDİA) və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) media nümayəndələrinin peşəkarlıq səviyyəsinin artırılmasına dair birgə layihəsi çərçivəsində Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin fotoqrafları fotoinformasiya təlimlərində iştirak edib.
AZƏRTAC-da təşkil olunmuş kurslarda iştirakçılar əvvəlcə Agentliyin binasında xəbər redaksiyalarının fəaliyyəti və iş prosesi ilə tanış olublar.
Daha sonra AZƏRTAC-ın Fotoinformasiya baş redaksiyasında onlara fotoqrafiyanın əsasları və onun növləri, fototexnikadan və işıqlandırma qurğularından düzgün istifadə qaydaları, fotoçəkiliş zamanı rakursun düzgün seçilməsi və bədii yanaşma, müasir mediada fotojurnalistika, beynəlxalq fotojurnalistika, müxtəlif fotoredaktor kompüter proqramlarından istifadə, mobil fotoqrafiya və videoqrafiya, fotoşəkillərin arxivləşdirilməsi mövzuları tədris edilib.
Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin fotoqrafları, həmçinin AZƏRTAC-da ustad dərslərində və praktiki çəkilişlərdə iştirak ediblər.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.