AzərTAc ilə İTAR-TASS arasında əməkdaşlığın və tərəfdaşlığın möhkəm əsasları vardır
Bakı, 16 dekabr (AZƏRTAC). AZƏRTAC ilə İTAR-TASS arasında əməkdaşlığın və tərəfdaşlığın möhkəm əsasları vardır.
Bu fikir dekabrın 16-da İTAR-TASS agentliyinin ümumi xəbərlər xidmətinin baş redaktoru Aleksandr Kopnov və informasiya-sorğu təminatı xidmətinin baş redaktoru Natalya Savina ilə AZƏRTAC-da keçirilən görüşdə səslənmişdir.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov qeyd etmişdir ki, Azərbaycanın və Rusiyanın milli xəbər agentlikləri beynəlxalq informasiya alyansları çərçivəsində sıx əməkdaşlıq edir, bir-birini dəstəkləyir. Agentliklərimiz sıx informasiya mübadiləsi ilə bərabər, geniş təcrübə mübadiləsi də aparır, bir-birindən öyrənirlər.
Görüşdə əməkdaşlığın prioritet istiqamətləri diqqətə çatdırılmış, mövcud əlaqələrin möhkəmlənməsini nəzərdə tutan qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanmışdır. Bildirilmişdir ki, sosial medianın sürətlə inkişaf etdiyi müasir dövrdə informasiya agentlikləri qarşısında duran mühüm vəzifələri sıx əməkdaşlıq zəminində həyata keçirmək mümkündür. A.Aslanov qeyd etmişdir ki, bu baxımdan həmin istiqamətdə fəaliyyəti genişləndirmək üçün yaxşı perspektivlər vardır.
Aleksandr Kopnov demişdir ki, İTAR-TASS və AZƏRTAC arasında dostluq, əməkdaşlıq münasibətləri yüksək səviyyədədir. O, AZƏRTAC-ın bu əlaqələrin inkişafına və möhkəmlənməsinə töhfəsini vurğulayaraq demişdir: “Agentliklərimiz arasında sıx əlaqələr Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir. Diqqətəlayiq haldır ki, AZƏRTAC-ın baş direktoru Rusiya-Azərbaycan əlaqələrinin inkişafına töhfəsinə görə Prezident Dmitri Medvedevin Fərmanı ilə Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif edilmişdir. Bu, həm agentliklərimiz, həm də dövlətlərimiz arasında mövcud qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olmasının təzahürüdür”. İTAR-TASS-ın baş redaktoru, həmçinin Rusiya cəmiyyətinin Azərbaycan, onun bu günü, əldə etdiyi nailiyyətlər barədə geniş məlumatlandırılması baxımından qarşılıqlı əlaqələrin əhəmiyyətini vurğulamışdır.
Sonra qonaqlar AZƏRTAC-ın struktur bölmələrinin fəaliyyəti ilə tanış olmuşlar.