“Azərtütün” bu il istehsalçılardan 14 min tondan çox yaş tütün qəbul edib
Zaqatala, 3 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
“Azərtütün” ASC ilə müqaviləsi olan şimal-qərb rayonlarının tütünçülük təsərrüfatlarında yaş tütün yarpağının dərimi başa çatıb. Mövsüm ərzində cəmiyyətin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 14 min 365,6 ton yaş tütün daxil olub. Bu, ötən illə müqayisədə 6 min ton çoxdur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Azərtütün” ASC-dən məlumat verilib.
Bildirilib ki, builki mövsümdə cəmiyyət tərəfindən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 868,7 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Bunun 446 hektarı şirkətin özünə, 422,7 hektarı isə fermerlərə məxsus sahələrdir. Tütün istehsalı ilə əlaqədar 50 fermerlə müqavilə bağlanıb.
Mövsüm ərzində emal məntəqələri Şəki rayonu üzrə istehsalçılardan 6967 ton, Zaqatala rayonu üzrə 3512,7 ton, Qax rayonu üzrə 2511,8 ton, Balakən rayonu üzrə 882,2 ton, Oğuz rayonu üzrə isə 491,9 ton yaş tütün kütləsi qəbul edib. Eyni zamanda, indiyədək emal məntəqələrində yaş tütündən 2174 ton quru tütün istehsal olunaraq anbarlara yığılıb. Quru tütün istehsalı isə əvvəlki illə müqayisədə 944 ton artıb.
Hazırda emal məntəqələrindəki tütünqurutma kameralarında yaş tütünün qurudulması prosesi davam etdiyindən quru tütün istehsalının daha da artacağı gözlənilir.