AZPROMO-NUN HİMAYƏÇİLƏR ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR
Qurumdan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə şuranın sədri, iqtisadi inkişaf naziri Heydər Babayev, fondun Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Çingiz Əsədullayev, iş adamları, dövlət qurumlarının, xarici səfirliklərin, beynəlxalq təşkilatların və maliyyə təsisatlarının nümayəndələri iştirak etmişlər.
Heydər Babayev Himayəçilər Şurasının 5-ci iclasından keçən müddət ərzində AZPROMO-nun gördüyü işlərdən danışmış, fondun təşkilatçılığı ilə keçirilən biznes-forumları, seminarları və digər fəaliyyət istiqamətlərini yüksək qiymətləndirmişdir.
Çingiz Əsədullayev Himayəçilər Şurası üzvlərini iki qrupa - daimi üzvlərə və fəxri qonaqlara ayırmağı təklif etmişdir. O demişdir ki, hökumətin və özəl bölmənin nümayəndələri daimi üzvlər, beynəlxalq maliyyə təşkilatlarının, diplomatik missiyaların və oxşar təşkilatların təmsilçiləri fəxri qonaqlar sayılmalıdır. Müşahidə Şurasının sədri, hökumət nümayəndələri istisna olmaqla, daimi üzvlər üçün 2500 AZN məbləğində illik üzvlük haqqının tətbiqi barədə qərar layihəsini və Himayəçilər Şurası üzvlüyünə namizədlərin adlarını açıqlamışdır. O vurğulamışdır ki, AZPROMO-nun qapıları ixracı dəstəkləyən və ölkəyə sərmayə gətirən sahibkarların və təşkilatların üzünə hər zaman açıqdır.
Hazırda Himayəçilər Şurasının üzvlərinin sayı 70-i keçmişdir.