Badya tipli gil qab – muzeydə nadir eksponat
Bakı, 7 oktyabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında nadir eksponat - badya tipli gil qab qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, həmin gil qabın daxili səthi hamardır. Onun xarici səthinə gəldikdə isə boğaz nahiyəsi qoşa cızma xətlərlə üfüqi vəziyyətdə əhatələnib və oturacağı düzdür.
Muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, dosent Nasir Quluzadə həmin badya tipli gil qabın Xocalı-Gədəbəy mədəniyyətinə aid olduğunu və e.ə. II minilliyin sonu I minilliyin əvvəlində yerli dulusçular tərəfindən hazırlanması ehtimalını irəli sürüb. Muzeyin arxeoloji kolleksiyasında daimi mühafizə olunan oxşar qab nümunələri Son Tunc - Erkən Dəmir dövrlərinə aid Çovdar və Xaçbulaq nekropollarından tapılıb.