Bağdadda Azərbaycan ilə İraq arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq
Bakı, 4 dekabr, AZƏRTAC
Bu həftə Bağdadda Azərbaycan ilə İraq arasında iqtisadi-ticari, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkəmizin İraqdakı səfiri Nəsir Məmmədov rəsmi INA informasiya agentliyinə müsahibəsində bildirib. O əlavə edib ki, müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari, nəqliyyat sahəsində əməkdaşlığın inkişafı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 20-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək görüşü zamanı müzakirə edilib.
Səfir bildirib ki, iclasda qarşılıqlı faydalı əməkdaşlığa dair 5 məsələ müzakirə ediləcək.
Diplomat deyib: “Bağdada səfər edəcək Azərbaycan nümayəndə heyəti iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu, neft-qaz sahəsində əməkdaşlıq, ali təhsil, elmi və mədəni tədqiqatlar, iraqlı tələbələrin Azərbaycana göndərilməsi məsələlərini müzakirə edəcək”. O əlavə edib ki, Bağdadda Azərbaycan və İraq iş adamlarının birinci biznes forumu da keçiriləcək.
N.Məmmədov bildirib ki, 2024-cü ildə ticarət mübadiləsinin həcmini artırmaq üçün çoxlu sayda qarşılıqlı səfərlər həyata keçiriləcək. Səfirlik iki ölkə arasında əmtəə dövriyyəsinin həcmini artırmaq məqsədilə İraqın rəsmi orqanları və iş adamları ilə iş aparır.
Qaz sektorunda sərmayəyə gəlincə, səfir qeyd edib ki, "məsələ İraq hökuməti tərəfindən araşdırılır, İraqın neft naziri və ya aidiyyəti orqanları tezliklə bu məsələyə münasibət bildirəcəklər”.